Xəzər Xəbər

Rəşad Dağlı İLK DƏFƏ qonşusunu öldürməsinin səbəbini açıqladı MƏHKƏMƏ PROSESİ

Cəmiyyət | 19:06 • 9 İyun 2023
Rəşad Dağlı İLK DƏFƏ qonşusunu öldürməsinin səbəbini açıqladı

Tanışını öldürməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xezerxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda Rəşad Dağlı ifadə verib.

Meyxanaçı İsgəndəri öldürmə səbəbinin təhdid olunması və onun şərəf və ləyaqətinə xələl gətirən sözlər işlətməsi ilə bağlı olduğunu deyib:

“İsgəndərlə bu məsələ barədə ilk söhbətimiz telefonla olub. Mənə dedi ki, bir nəfər var, sənin barəndə şəxsiyyətinə sığışmayan şeylər bilir, gəl, bu məsələni həll edək. Dedi ki, həmin adamın 6 min manata ehtiyacı var, 3 minini tapıb, 3 min manatını da sən düzəlt ver bu söhbət bağlansın. Buna etiraz etdim, məni onunla görüşdürməyini istədim.

Dedim ki, necə olur, pul verməsəm, dediyi nalayiq sözlər mənə aid olur, verəndə yox?

Sonra dedi ki, guya bundan əvvəl də eyni cür hadisə olub, sonradan işi vaxtında həll etməyən adam özünü asıb. Nə isə, mübahisə etdik, dedi ki, gəl sizi görüşdürəcəm, amma dolu gəl. “Dolu” deyəndə yəni özünü müdafiə üçün nə isə götür. Bundan sonra mağazadan bıçaq aldım, İsgəndəri də götürüb hadisə baş verən yerə getdim. Ora çatanda məlum oldu ki, məni heç kimlə görüşdürməyəcək. Maşında mübahisə etdik. Dedi ki, bu söhbət bağlanmasa, dediyi adam bildiklərini gəlib toyda yayacaq.

Hadisənin əsas səbəbi isə İsgəndərin “bu işi görmüsənsə, əvəzini ödəməlisən” deməsi oldu. Bu sözü hansı mənada deməsi də məlumdur. Bu vaxt özümdən çıxdım, birinci o məni vurmaq istədi, lakin cəld tərpənib özümü müdafiə etmək üçün onu vurdum“.

Prokuror Rəşad Dağlıdan İsgəndər Mehdiyevi bıçaqladıqdan sonra təcili yardım çağırmamasının səbəbini soruşub. Meyxanaçı bunu İsgəndərin dərhal ölməsini fikirləşməsi ilə əlaqələndirib.

Hakim Novruz Kərimov Rəşad Dağlıya sual verərək, ondan təhdid olunması barədə polisə məlumat verməməsinin səbəbini soruşub.

Meyxanaçı toy adamı olduğunu, ətrafında olanların belə şeyə yaxşı baxmadıqlarını deyib: “Yazılmayan qanunlar var. Bizdə belə şeyə yaxşı baxmırlar. Polisə adam satanı toya çağırmırlar”.

Proses iyulun 7-də davam etdiriləcək.

Xəbər lenti