Xəzər Xəbər

Azərbaycanda yoluxma pik həddə çatdı SMS icazə bərpa edilir?

Cəmiyyət | 10:01 • 17 Noyabr 2020
Azərbaycanda yoluxma pik həddə çatdı

Azərbaycanda koronavirusa yoluxma pik həddə çatıb. Belə ki, gündəlik yoluxma 2 mininin üzərində, gündəlik ölüm sayı isə 20-dən yüksəkdir.  Belə ki, noyabrın 15-də Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 2229 yeni yoluxma faktı qeydə alınıb, 1101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 21 nəfər vəfat edib. Hazırda ölkədə aktiv xəstə sayı 20 min nəfərə yaxınlaşır. Bu, pandemiya başlanan gündən bu yana Azərbaycanda müşahidə olunan ən yüksək göstəricidir. Səhiyyə sistemi və iqtisadiyyatımızın bu durum qarşısında nə qədər tam gətirəcəyini demək çətin olsa da, hazırda insanların sərt karantin rejiminə keçid narahat edir. SMS icazə sisteminin bərpası da bu cür davam edərsə, qaçılmaz ola bilər.


 

Baş infeksionist Təyyar Eyvazov deyib ki, hazırda koronavirusla bağlı stabil vəziyyət yoxdur: "Ötən ayın ortalarından başlayaraq koronavirusla yoluxma halları artmaqda davam edir. Yoluxma halları bizdən qabaq başlayan ölkələrdə də stabilləşmə müşahidə olunmur. Hesab edirəm ki, pik nöqtəyə gəlib çatırıq. Pik nöqtəyə çatanda yoluxma sayları yüksək rəqəmlərlə davam edəcək, xəstəlikdən sağalanların sayı da artacaq. Bir müddət bu stabilləşmə dövrü davam edəcək, ondan sonra karantin tədbirlərinin lazımi səviyyədə yerinə yetirildiyi təqdirdə azalmalar olacaq. Nə vaxt olacağını demək çətindir.Yəqin ki, noyabrın sonları və dekabr ayı bu suala müəyyən aydınlıq gətirər. Proqnoz vermək çətindir”. 



Tibb elmləri doktoru Adil Qeybulla "Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bütün dünyada koronavirusa yoluxmada artım nəzərə çarpır: "Bu, artıq virusun mutasiyaya uğraması və ikinci mərhələnin başlamasına işarədir. Ekspertlər bunu ikinci mərhələ kimi qeyd edirlər. Artım var və virusun xəstəlik törətmə qabiliyyəti aşağı düşsə də, yoluxuculuq qabiliyyəti yüksəlib. Ona görə də yoluxma potensialı çoxdur. Azərbaycanda bir tərəfdən Vətən savaşının yaratdığı coşqunun fonunda karantin qaydalarına əməl edilmədi, pandemiya arxa plana keçdi, insanlar onu iqnor etdilər, rayonlara gediş-gəliş çox asanlaşdı, bu prosesə nəzarətin aradan qalxması bütünlükdə böyük bir yoluxma riski və şəraiti yaratdı. Bu gün rayonların əksəriyyətində insanlar kütləvi şəkildə koronavirusa yoluxurlar. Evlərdə qızdırma ilə yatan həddindən artıq çox ailələr var. Onların əksəriyyəti testdən keçmirlər, müraciət etmirlər, bəzən heç müalicə də olunmurlar. Sadəcə, evdə yataq rejiminə keçib xalq təbabəti ilə özlərini sağaltmağa çalışırlar. Bunlar hələ rəsmi yoluxma sayılmır və o hesabata daxil deyil. Elan olunan rəqəmlər sadəcə test olunmuş rəqəmlərə aiddir. Bu baxımdan epidemioloji vəziyyət göründüyündən daha ciddidir. Ona görə də diqqətli olmaq lazımdır”.



Doktorun sözlərinə görə, yoluxma dairəsi və sıxlığı o şəkildədir ki, biz artıq kollektiv immunitetə gedirik: "Əgər əhalinin 70 faizi bir populyasiyada xəstələnərsə, bu, artıq kollektiv immunitetin formalaşması deməkdir. Bu virusun yanvarın sonuna qədər zəifləməsi gözlənilir. Ancaq soyuqdəymə xəstəlikləri hələ bir müddət qalacaq. Bunların ümumi əlamətləri də var. Qızdırma, halsızlıq, boğaz ağrısı , təngənəfəslik, oynaq ağrıları hər iki xəstəlikdə, həm soyuqdəymədə , həm də COVİD-də var. Koronavirusla bu mövsüm xəstəliklərinin differensasiya məsələsi də var. Onları fərqləndirmək üçün çox diqqətli olmaq lazımdır, hansısa COVİD əlamətləri hiss etdikdə mütləq həkimə müraciət etmək lazımdır. Çünki onlar diaqnozu daha dəqiq qoya bilərlər”.


 

Ölkə iqtisadiyyatının müharibə və karantin rejimindən zəiflədiyi bir vaxtda, yenidən sərt karantin rejiminə keçmə ehtimalından danışan tibb elmləri doktoru bildirdi ki,  epidemioloji vəziyyətin ağırlaşması hökuməti buna məcbur edə bilər: "Ancaq hesab edirəm ki, mümkün qədər sərt karantinə getməmək lazımdır. İnsanların indiki durumunda bu psixoloji baxımdan ağır olardı. Bu cür addımlara gedilsin. Artıq maska taxmaq bir mədəniyyət nümunəsinə çevrilməlidir.  Soyuqdəymə xəstəlikləri zamanı da maska taxmaq vacibdir. Aylarla maskada gəzmək çətin olduğu üçün insanlar artıq azadlığa çıxmaq istəyirlər. Bu proses üçün gərək özümüzü qoruyaq, 1-2 ay vaxt lazımdır ki, virus zəifləsin və sıradan çıxsın”.


 

Peyvənd məsələsinə gəlincə, A.Qeybulla bildirdi ki, bu məsələyə ümid bağlamaq əbəsdir: "Hələ ki yalnız Rusiyanın vilurentlliyi zəiflədilmiş peyvəndi var. Bu viruslar müasir texnologiya ilə alınmayıb. Çünki Rusiyada o texnologiya yoxdur. Hazırda virusun antigenini ayırmaq, ona qarşı immunitet yaratmaqdan ibarətdir ki, bu effektiv vasitədir. Hazırda  bu cür peyvəndlər ortada yoxdur. Rusiya vaksini ilə bağlı ortada birmənalı rəy yoxdur. Digər bir peyvənddən isə məsələn, Almaniya əhalisi istifadə etdi. O zaman bütün dünya necə olacaq? Koronavirus tənəffüs yolu ilə yayıldığı üçün bütün dünyada populyasiyaların ən azı  70 faizi peyvənd olunmalıdır.  Ancaq bu hələ ki baş tutmur”.

Xəbər lenti