Xəzər Xəbər

Maaşlar yaxın vaxtlarda yenə qalxacaq Milli Məclisdən ANONS

Gündəm | 13:35 • 19 İyun 2019
Maaşlar yaxın vaxtlarda yenə qalxacaq
Ölkə prezidenti son bir il ərzində ikinci dəfədir ki, ölkədə minumum əməkhaqqını artırır, minimum əməkhaqqı 250 manata qədər qaldırılır.Dövlətdən maliyyələşən təşkilatların hamısında maaşların artırılması cəmiyyətin, demək olar ki, bütün üzvlərinin sosial rifahına ciddi şəkildə təsir edir və edəcək.

XəzərXəbər oxu.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə deyib.

"Ona görə ki, insanlar artan gəlirlərini artıq özlərinin həyatı, yaşayışı, sağlamlığı, gələcək təhsili, gələcək planları ilə bağlı arzularının həyata keçirilməsinə, gerçəkləşməsinə xərcləyəcək”, - deyən millət vəkili qeyd edib ki, bu artım çox ciddi rəqəmdir və bunun inflyasiyaya gətirib çıxaracağı real deyil.

"O baxımdan ki, bunlar cənab prezidentin düşünülmüş iqtisadi siyasətinin nəticəsidir.Aparılan islahatlar büdcəyə böyük pulların gəlməsinə səbəb olur və bu pullar əgər əvvəllər ölkədə infrastrukturun yaranmasına, manatın stabil qalmasına, sahibkarlığın dəstəklənməsinə yönəldilirdirsə, bu, artıq ikinci mərhələdir, bunlar insanların sosial rifahının yaxşılaşmasına yönəlmiş addımlardır. Bu, onu göstərir ki, cənab prezident hər bir azərbaycanlının sosial vəziyyətinin yaxşlaşmasını diqqət mərkəzində saxlayır.

Həmçinin, bu, heç də axırıncı artım, rəqəm deyil, tamamilə gözləniləndir ki, çox yaxın müddətdə yenidən əməkhaqları qalxsın. Bir gündə 17 sərəncam imzalandı və digər sahələrlə bağlı sərəncamların verilməsi gözləniləndir.

Cənab prezidentin inqilabi sərəncamları göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşını düşünür, onun sosial vəziyyətinin yaxşı olmasına çalışır və Azərbaycan vətəndaşlarının güzəranının yaxşılaşması Azərbaycan dövlətinin əsas qayəsi olaraq qalır”, - deyə millət vəkili əlavə edib.


Millət vəkili Eldəniz Səlimov hesab edir ki, ölkə rəhbəri son sərəncamları ilə hər bir Azərbaycan vətəndaşının yanında, onun sosial-iqtisadi durumunun yaxşılaşmasında maraqlı olduğunu göstərdi.

Onun sözlərinə görə, 18 iyunda imzalanmış sərəncamlar Azərbaycan əhalisinin, ölkə vətəndaşlarının önəmli bir təbəqəsinin sosial-rifah halının yaxşılaşmasına müsbət təsirini göstərəcək.

"Bu sərəncamlar tarixi və inqilabi sərəncamlardır. Hamısı birbaşa ölkə vətəndaşlarının, Azərbaycan əhalisinin rifahına, həyat şəraitinin yaxşılaşmasına yönəlmiş addımlardır. İnkişaf, tərəqqi edən, çiçəklənən Azərbaycanımıza da məhz bunlar yaraşır.

İnkişaf, tərəqqi, çiçəklənmə birtərəfli ola bilməz, bunlar məhz ilk növbədə həmin ölkənin dayaqları sayılan insanların həyatında, yaşayışında özünü göstərməlidir. Azərbaycanda da məhz belədir, bunlar qoşa qanad kimi birlikdə addımlayır, həm ölkəmiz, iqtisadiyyatımız inkişaf edir, həm də insanlarımızın həyat şəraiti, güzəranı yaxşılaşır.

Hesab edirəm ki, bunlar sonuncu olmayacaq, indiyə kimi olduğu kimi, bundan sonra da bu addımlar davamlı xarakter daşıyacaq. Buna ölkəmizin hər cür potensialı və imkanı var”, - deyə E.Səlimov vurğulayıb.

Xəbər lenti