Xəzər Xəbər

Bayramqabağı: 50 faizdən yuxarı endirim elanı varsa... – İqtisadçıdan xəbərdarlıq

İqtisadiyyat | 16:26 • 27 Noyabr 2019
Bayramqabağı:

"Qara cümə” endirimləri inkişaf etmiş ölkələrdə geniş yayılıb. Ticarət dövriyyəsini artırmaq və müştəriləri alış-verişə cəlb etmək üçün olduqca müsbət əhəmiyyət kəsb edir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

İqtisadçının sözlərinə görə, bu endirimlərin ölkəmizdə geniş yayılmaması təəssüf doğuru: "Ticarət şəbəkələrində ayrı-ayrı vaxtlarda müəyyən endirimlərlə qarşılaşırıq. Amma bu endirimlər ya reallığı əks etdirmir, ya da sahibkarların fəaliyyətini dayandırması ilə bağlı olur”.

Ekspert bildirib ki, 50-70 faiz endirimlərin elan olunması heç də reallığa əsaslanmır: "Sadə alıcı kütləsi bunun fərqində olmasa da, iqtisadi anlayışı olan hər kəsdə malın dəyərindən aşağı satılması sual yaradır. Bu tip hallar bizdə də var və heç bir iqtisadi effekt yaratmır.

Başqa ölkələrdə olduğu kimi bizdə də ayın müəyyən günündə, bayram ərəfələrində endirim kampaniyaları keçirilməlidir. Lakin bayrama bir həftə, on gün qalmış endirim əvəzinə qiymətlər artır. Sahibkarlar, idxal-ixrac əməliyyyatları ilə məşğul olanlar daha çox gəlir əldə etmək məqsədi güdür və fürsətdən istifadə edirlər”.

İqtisadçı-ekspert düşünür ki, yaxın gələcəkdə olmasa da, ölkəmizdə də bu tip irimiqyaslı endirim kampaniyalarına rast gəlinəcək: "Gərək bazar kifayət qədər inkişaf etsin, həm yerli, həm də xarici məhsullarda rəqabətin olsun. Nə qədər ki, bu amillər yoxdur, biz belə endirim kampaniyalarına Azərbaycanda şahid ola bilməyəcəyik”.

Pərviz Heydərov hesab edir ki, keyfiyyətli məhsulun endirimi 20-25 faizdən artıq olmamalıdır: "Məhsulun qiymətini onun maya dəyəri, satış obyektinə çatdırılması, satışın təşkil olunması ilə bağlı xərclər, ticarət əlavəsi və vergi formalaşdırır. Alıcıları ayıq olmağa çağırıram, əgər vitrində 50 faizdən yuxarı endirim elanı varsa, ya məhsul keyfiyyətini itirib, ya da onu satan şirkət bağlandığı üçün bu üsuldan istifadə edir”.

Qeyd edək ki, "Qara cümə” ABŞ-da ənənəvi olaraq ildə bir dəfə keçirilən alış-veriş tədbiridir. Həmin gün məşhur şirkətlər öz məhsullarını 80 faizədək güzəştlə satırlar. "Qara cümə" günü ABŞ-dan başqa daha bir neçə ölkələrdə keçirilir.

Xəbər lenti