Xəzər Xəbər

ABŞ neft hasilatı rekord səviyyəyə çatdı

İqtisadiyyat | 11:12 • 26 Aprel 2018
ABŞ neft hasilatı rekord səviyyəyə çatdı

ABŞ-ın gündəlik neft istehsalı 10,6 milyon barrelə yaxınlaşır.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 46 min barrel artaraq 10,59 milyon barrelə çatıb. Bu, ölkə tarixində neft hasilatının ən yüksək göstəricisidir. Ölkənin xam neft istehsalı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel olub.

ABŞ-ın gündəlik neft hasilatı son 15 həftənin 14-də artım göstərib. Bu göstərici ilə ABŞ gündəlik neft hasilatına görə dünya lideri olub.

Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə gündəlik 539 min barrel artaraq 8,47 milyon barrel olub. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə gündəlik 582 min barrel çoxalaraq 2,33 milyon barrel təşkil edib.

Rusiyanın Federal Statistika Xidmətinin ("Rosstat”) məlumatına görə, fevral ayında Rusiyanın neft istehsalı əvvəlki ayla müqayisədə 9,5 faiz azalaraq gündəlik 9,53 milyon barrelə düşüb. 2017-ci il fevral ayından etibarən ard-arda 11 ay ərzində dünyanın ən çox neft istehsal edən ölkəsi olan Rusiya fevral ayında gündəlik 9,98 milyon barrel neft çıxaran Səudiyyə Ərəbistanından geridə qalıb.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, tezliklə ABŞ dünyanın ən böyük xam neft istehsalçısı olacaq.

EIA-nın proqnozuna görə isə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq 10,7 milyon barrelə, gələn il isə 11,4 milyon barrelə çatacaq.

Xəbər lenti