Futbol üzrə Almaniya kubokunun final qarşılaşmasında sürpriz nəticə qeydə alınıb.
Xezerxeber.az xəbər verir ki, Bundesliqada çempionluğu vaxtından əvvəl təmin etmiş "Bavariya” ölkə kuboku uğrunda yarışın finalında "Ayntraxt” komandası ilə üz-üzə gəlib.
Oyunun favoriti sayılan münxenlilər ilk dəqiqələrdən hücuma atılaraq rəqib qapısında bir neçə təhlükəli vəziyyət yaradıblar. Qarşılaşmanın 11-ci dəqiqəsində "Bavariya”nı əks-hücumda yaxalayan "Ayntraxt” hesabı açıb. Ante Rebiç fərqlənib - 0:1. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra - matçın 53-cü dəqiqəsində "Bavariya” Robert Levandovskinin qolu ilə hesabı bərabərləşdirib - 1:1. Lakin bu, oyunda son qol olmayıb. Görüşün 82-ci dəqiqəsində "Ayntraxt” yenindən hesabda irəli çıxıb. Ante Rebiç dublunu rəsmiləşdirib - 1:2. Oyunda son nöqtəni isə matçın əsas vaxtına əlavə edilən hissədə (90+6) Micat Qasinoviç qoyub - 1:3.
Beləliklə, "Ayntraxt” klubu həlledici görüşdə 3:1 hesabı ilə qələbə qazanıb. Bu qələbə sayəsində "Ayntraxt” klubu tarixində altıncı dəfə Almaniya kubokunun sahibi olub.