Xəzər Xəbər

Evdən çıxan koronavirus xəstələrinə cinayət işi açıldı VİDEO

Veb TV | 22:08 • 5 Dekabr 2020
Evdən çıxan koronavirus xəstələrinə cinayət işi açıldı

Virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilsə də onların yaşayış yerlərini tərk etməsi halları demək olar ki, mütəmadi müşahidə olunur. Polis həm Bakıda, həm də rayonlarda ictimai yerlərdə aktiv koronavirus xəstələrini aşkar edib. Saxlanan şəxslərlə bağlı cinayət işi başlanıb.

Dəfələrlə xəbərdarlıq edilsə də, hələ də ''COVID-19'' infeksiyasının daşıyıcısı olan bəzi şəxslər evlərini tərk edirlər.

Nərimanov rayon polis idarəsinin əməkdaşları rayon ərazisində sosial və özünü təcrid tədbirlərinə əməl etməyən, 25 yaşlı aktiv koronavirus xəstəsi Elvin İbrahimovu müəyyən edərək saxlayıblar. Tibbi qaydalar gözlənməklə Elvin İbrahimov ictimai yerdən evə qaytarılıb.

Daha bir aktiv koronavirus xəstəsi Səbail rayonu ərazisində saxlanıb. 24 yaşlı Elçin Əmirxanovla polis əməkdaşları onunla söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarılıb.

Zərdabda yaşayış yerini qanunsuz tərk edən daha bir ''COVID-19'' virusunun daşıyıcısı ictimai yerdə saxlanıb. Ev şəraitində müalicə alan koronavirus xəstəsi rayonun Pərvanlı kəndində yaşayan Fərahim Məmmədovun virusun daha çox yayılmasına şərait yaratdığı müəyyən edilib.

Qazaxda da yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb. Polis əməkdasları müəyyən ediblər ki, rayonun Xanlıqlar kənd sakinləri - 49 yaşlı Vaqif İsgəndərov, 64 yaşlı Nuriyyə Məmmədova və 50 yaşlı Vüqar Nəsibovun koronavirus testlərinin nəticəsi pozitiv çıxıb. Onlara ev şəraitində müalicə təyin edilib. Lakin onlar karantin qaydalarını kobud şəkildə pozaraq yaşadıqları ünvanı tərk ediblər. Polis əməkdaşları həmin şəxslərin yerlərini müəyyən edib və onlar tibbi prosedurlara uyğun şəkildə yaşadıqları ünvanlara və xəstəxanaya aparılıb.

Göyçayda da yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb. Polis əməkdaşları müəyyən ediblər ki, rayon sakini Xası Məmmədov koronavirus daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb edilib. Lakin o, karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Onun olduğu yer müəyyənləşdirilib və yaşadığı ünvana göndərilib.

Saxlanan şəxslər barəsində ''epidemiya əleyhinə və karantin rejimlərinin pozulması'' maddəsi ilə cinayət işi başlanıb.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 


Xəbər lenti