Xəzər Xəbər

Valideynlər müəllimlərdən narazıdır - "Əlavə dərs vəsaitlərinin alınması məcbur edilir" - VİDEO

Veb TV | 20:57 • 27 Sentyabr 2018
Valideynlər müəllimlərdən narazıdır -

Orta məktəblərdə əsas dərsliklərlə yanaşı, şagirdlərə yardımçı dərs vəsaitlərindən də müxtəlif tapşırıqlar verilir. Valideynlər iddia edirlər ki, onlar əlavə dərs vəsaitlərini almağa məcbur edilir. İldən-ilə yenilənən nəşrlərdə isə ciddi dəyişikliklər olmur. Buna rəğmən hər il məhz yeni nəşri almaq tapşırılır. Bu isə valideynlərə maddi cəhətdən sərf etmir.

Xezerxeber.az-ın məlumatına görə, valideynlər iddia edir ki, müəllimlər həmin vəsaitləri hər il alınmasını mütləq tapşırırlar. Əlavə dərs vəsaitləri ildən-ilə yenilənsə də, məzmunda və içərisindəki tapşırıqlarda ciddi fərqlər olmur. Valideynləri narazı salan da odur ki, ciddi dəyişikliklər olmasa da, hər il məhz yeni nəşrin alınması tapşırılır.

Həmin vəsaitləri almaq mütləq şəkildə tapşırıldığına görə, satıcılar deyir ki, gündən-günə sifarişlər çoxalır.

Satıcılar əlavə dərs vəsaitlərini müxtəlif qiymətlərə təklif edirlər.

Valideynlərin sözlərinə görə, bir neçə fənn üzrə əlavə dərs vəsaiti almaq məcburiyyətində qaldıqlarından və ötən ilki nəşrləri istifadə edə bilmədiklərindən, bu, onlara maddi cəhətdən sərf etmir.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirdilər ki, təhsil proqramında nəzərdə tutulan standartların reallaşdırılmasını təmin etmək üçün əlavə dərs vəsaitləri müəllimlər tərəfindən yalnız tövsiyə edilə bilər. Onların alınması məcburi xarakter daşımır.Valideynlər həmin vəsaitləri istədikləri halda ala bilərlər.

Nəşriyyat işi haqqında qanuna əsasən nəşrlərin qiymətinin müəyyən edilməsinə, eləcə də onların bazarda satış qiymətinə Təhsil Nazirliyi müdaxilə edə bilməz. Bundan əlavə, eyni qanuna əsasən dövlət orqanlarının nəşriyyatlardan hazırlanan materialların qabaqcadan onlarla razılışdırılmasını tələb etmək hüququ yoxdur. Ona görə də Təhsil Nazirliyinin müxtəlif nəşriyyatların məhsullarının məzmununa müdaxilə etmək səlahiyyəti yoxdur. Sadəcə olaraq bu məsələdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Belə ki, onlar tövsiyə etdikləri materialların məzmununun elmi cəhətdən doğruluğuna və etibarlılığına əmin olduqdan sonra bu addımı atmalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti