Xəzər Xəbər

Azərbaycanlı "hörümçək adam": hər kəsi dəhşətə gətirən görüntü - VİDEO

Veb TV | 20:57 • 27 May 2018
Azərbaycanlı "hörümçək adam":

Tikintidə işləyən bir fəhlənin sosial şəbəkələrdə yayılan videosu böyük marağa səbəb olub. Onu etdiyi hərəkətlərə görə "Azərbaycanın hörümçək adamı" adlandırıblar. Hüquqşünaslar isə bildirirlər ki, həmin şəxsin etdiyi hərəkətlər həm özü, həm də tikintini həyata keçirən şirkət üçün məsuliyyət yaradır.

Əvvəlcə taxtanı dəmir konstruksiyanın üzərinə yığır.

Sonra isə həmin taxtaların üstündə dayanaraq digər dəmir konstruksiyaları quraşdırır.

Sosial şəbəkədə yayılan və görənləri dəhşətə gətirən videonun Bakıda çəkildiyi deyilir.

Çox mərtəbəli binanın fasadına dəmir konstruksiyalar quraşdıran fəhlə heç bir təhlükəsizlik qaydasına riayət etmir. Hüquqşünas Anar Ramazanov bildirir ki, həmin şəxs özündən başqa ətrafdakılara da xəsarət yetirə bilər.

Anar Ramazanovun sözlərinə görə, burada əsas məsuliyyət tikintini və oranın müdafiəsini həyata keçirən şirkətin üzərinə düşür. Çünki, həmin ərazidə tikinti təhlükəsizliyi qaydaları pozulub. Tikintinin ətrafı layihəyə uyğun olaraq hasarlanmalı idi. Kadrlardakı hadisə tam araşdırılarsa, tikintini həyata keçirən şirkət və ya şəxs mülki, intizam, inzibati və cinayət məcəllələrinin bir neçə maddəsi üzrə məsuliyyətə cəlb edilə bilər.

Hüquqşünas deyir ki, tikinitini həyata keçirən hüquqi şəxs Cinayət Məsuliyyətinə cəlb edilə və İnzibati Xətalar məcəlləsinə uyğun olaraq 15-25 min manat arası cərimələnə bilər.

 

Xəbər lenti