Xəzər Xəbər

Ermənistan tərəfi əsgərlərinin cəsədlərini təhvil almaq istəmir - VİDEO

Veb TV | 21:12 • 19 Oktyabr 2020
Ermənistan tərəfi əsgərlərinin cəsədlərini təhvil almaq istəmir -

''Təkcə dünən gün ərzində Azərbaycanın 5 rayonu 229 mərmiyə hədəf olub''.

Xezerxeber.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələri və Azərbaycan rəhbərliyi müvəqqəti humanitar atəşkəsə sadiqdir: "Lakin Ermənistan tərəfinin davam edən təxribatları bizi vadar edir ki, öz əhalimizin, dinc sakinlərimizin təhlükəsizliyini təmin edək. Ermənistanın davam edən hərbi hücumları nəticəsində Azərbaycanın yaşayış məntəqələrinə, mülki obyektlərinə 24 minə yaxın mərmi atılıb, 1046 ev dağılıb, 1063 ev zərər çəkib, bir sıra digər mülki obyektlər də dağıdılıb".

Prezidentin köməkçisi onu da qeyd edib ki, reallıq Ermənistanın yox, Azərbaycan tərəfinin təhlükə altında olduğunu göstərir. Çünki Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı məqsədyönlü raket hücumları həyata keçirir. Bundan başqa, düşmən ölkə Azərbaycanı terrorla da təhdid edir.

Prezidentin köməkçisi onu da əlavə edib ki, Ermənistanın bir radio verilişində Gəncəyə raket hücumuna bəraət qazandırılıb və bu hücum Ermənistan tərəfinin qisası kimi təqdim olunub.

Hikmət Hacıyev bildirib ki, bu cür çıxışlar edən insanlar da məsuliyyətə cəlb edilməlidir.

O da qeyd edilib ki, Ermənistan silahli qüvvələri tərəfindən mülki əhaliyə qarşı hücumlarla bağlı Avropa Insan Hüquqları Məhkəməsi və digər aidiyyəti qurumlara müraciətlərin edilməsi nəzərdə tutulub.

Hikmət Hacıyev səfirlərə onu da bildirib ki, Hadrut qəsəbəsi işğaldan azad edilib. Oradakı bütün binalar, mülki obyektlər toxunulmamış haldadır. Amma işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarından gələn görüntülər isə tam əksinədir.

Tədbirdə iştirak edən Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov qeyd edib ki, döyüş meydanında məğlub olan Ermənistanın terrora əl ata biləcəyinə dair xəbərdarlığı çox ciddi qəbul edilməlidir.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov isə düşmənin itkiləri barədə məlumat verib.

Sonda Hikmət Hacıyev səfirlərə bildirib ki, Moskvada əldə olunmuş müvəqqəti humanitar atəşkəsin ruhuna uyğun olaraq, Azərbaycan tərəfi Ermənistan tərəfinə müraciət edib ki, birtərəfli qaydada erməni əsgərlərinin cəsədlərini təhvil verməyə hazırdır: "Çox təəssüf ki, Ermənistan tərəfi bu müraciətə laqeyd qaldı. Bunun üçün də məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Bütün bu məlumatlar rəsmi kanallar vasitəsilə müvafiq beynəlxalq qurumlara çatdırılacaq".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti