Xəzər Xəbər

Adil Əliyev: Ermənistan təcavüzkarlığı, barbarlığı siyasət olaraq həyata keçirən dövlətdir

Gündəm | 15:26 • 21 Noyabr 2020
Adil Əliyev:

Sentyabrın 27-dən başlayan Vətən uğrunda müharibədə əldə etdiyimiz qələbələr silsiləsi hazırda da çox böyük uğurla davam etməkdədir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz müharibə dövründə cəbhədən-cəbhəyə müvəffəqiyyətlə irəliləyib, yüksək döyüş hazırlığı nümayiş etdirərək düşmənin müqavimətini qətiyyətlə dəf edib. Ermənistana müharibə dövründə vurulan ziyanın bərpası üçün ən azı onilliklər lazım olacaq. Bu gün Ermənistanda xalqın etirazlarına səbəb cəbhədəki məğlubiyyətlə yanaşı, həm də maddi itkilərlə bağlıdır. Düşmənin sıradan çıxarılmış, məhv edilmiş və yaxud da Şanlı Ordumuz tərəfindən qənimət olaraq ələ keçirilmiş texnika ilə bağlı dəymiş zərərin ödənilməsi üçün uzun illər lazım olacaq.


Biz cəbhədə qazandığımız qalibiyyətləri, eyni zamanda, diplomatik müstəvidə də davam etdiririk. Belə ki, Ermənistan məğlub ölkə olaraq kapitulyasiyanı imzaladı və bununla da Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxmaq məsələsini öz üzərinə öhdəlik kimi götürdü. Bu öhdəliyin icrası zamanı növbəti mərhələdə Ermənistan ordusu Ağdam rayonunun mərkəzi də daxil olmaqla, bütün inzibati ərazi vahidlərindən çıxarılıb. Bu Qələbə həm də ona görə əhəmiyyətlidir ki, artıq torpaqlarımızın işğaldan azad edilməsi döyüşsüz həyata keçirilir. Yəni, 44 günlük müharibədə Azərbaycanın qazandığı zəfər nəticəsində Ermənistan ordusu təslim olaraq, işğal etdiyi bütün ərazilərin təhvil verilməsini qəbul edib.


Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.


Adil Əliyev qeyd edib ki, noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz müraciətində Ağdam rayonunun tamamilə işğaldan azad olunduğunu elan etdi və xalqımıza bu Qələbə münasibətilə təbriklərini çatdırdı. Ağdam işğal edilmiş rayonlar arasında əhalinin sayına görə ən böyük rayondur. İşğaldan əvvəl Ağdamda 143 min insan yaşayırdı, hazırda isə rayon əhalisinin sayı 204 min nəfərdir. Ağdamın bir şəhər və 80 kəndi olmaqla ərazisinin 78 faizə qədəri ermənilərin əlinə keçmişdi. Milli Məclis sədrinin müavini təəssüflə bildirib ki, ermənilər işğal etdikləri ərazilərdə yalnız insanlara qarşı terror törətməyib, həm də tarixi, mədəni abidələrə qarşı öz barbar və vandal siyasətlərini həyata keçiriblər. Düşmənlərimiz tarixi məbədlərimizi vəhşicəsinə darmadağın edib, ərazilərimizin geri qaytarılması zamanı abidələrin daşlarını belə söküb aparıblar. Ağdam rayonunda fəaliyyət göstərən tarixi-mədəni abidələri talan edərək bütün infrastrukturunu məhv ediblər. İşğala qədər Ağdam rayonunda fəaliyyət göstərən Çörək Muzeyi, Tarix-Ölkəşünaslıq Muzeyi, həmçinin digər dini abidə və ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən, qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də qəddarcasına uçurulub. Xurşidbanu Natəvan türbəsinin indiki vəziyyətinə baxdıqda insanın ürəyi parçalanır. Ermənilər niyə bu cür türbə və abidələri məhv etmişlər, hansı səbəbdən mədəni irsin yox olması istiqamətində bu cür özbaşınalıqlar ediblər?


Adil Əliyevin sözlərinə görə, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il tarixli protokolu var. Ermənistan bu protokolu ratifikasiya edib və bununla da həmin protokolun tələbinə əməl etməyi öz üzərinə vəzifə olaraq götürüb. Lakin Ermənistan beynəlxalq hüququn digər normaları kimi, bu normaların da tələbini kobud şəkildə pozaraq, öz vandallıq siyasətini davam etdirib.


"Yuxarıda göstərilənləri nəzərə alaraq, xüsusilə qeyd etmək lazımdır ki, Ermənistanın işğalçı siyasəti yalnız ərazilərin işğalı ilə yekunlaşmayıb. Onların əsas hədəfləri sırasında işğal edilmiş ərazilərin talan edilməsi, maddi dəyəri olan bütün əmlakların qənimət olaraq ələ keçirilməsi və daşınması, əks halda məhv edilməsi nəzərdə tutulub. Bu işğal nəticəsində təkcə Ağdam rayonuna dəyən ziyanın məbləği 13 milyard 135 milyon ABŞ dollarıdır. Azərbaycanın işğaldan azad edilən bütün ərazilərinə nəzər yetirdikdə görürük ki, Ermənistan işğal etdiyi rayonlarda, şəhərlərdə, kəndlərdə mövcud olan bütün tikililəri dağıdıb, tarixi-mədəni abidələri məhv edib. Bu isə onu deməyə əsas verir ki, Ermənistan yalnız işğalçı deyil, eyni zamanda, vandal və barbarlığı dövlət siyasəti səviyyəsində həyata keçirən ölkədir”, - deyə, Milli Məclis sədrinin müavini bildirib.

Xəbər lenti