Xəzər Xəbər

Professor: Hazırkı epidemioloji vəziyyət narahatlıq doğurmur

Gündəm | 09:32 • 28 Sentyabr 2020
Professor: Hazırkı epidemioloji vəziyyət narahatlıq doğurmur

Ölkədə hazırkı epidemioloji vəziyyət tam nəzarət altındadır. Görülən tədbirlər nəticəsində yoluxma sayları əhəmiyyətli dərəcədə azalıb. Hazırkı vəziyyət böyük narahatlıq doğurmur. Əgər vəziyyət belə davam edərsə, yoluxmaların sayının yenə azalacağı gözlənilir. Bu zaman bəzi məhdudiyyətlər olmaq şərti ilə öz sərbəst həyatımızı davam etdirə biləcəyik. Yoluxma sayı paytaxtda çox olsa da, bölgələrdə bu məlumatlar dəyişir. Əgər gələcəkdə hər hansı bir bölgədə yoluxma sayı kəskin şəkildə artarsa, orada lokal karantin tədbirləri tətbiq edilə bilər. Hələ ki, belə tədbirlərə ehtiyac yoxdur.


Xezerxeber.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.


"Yoluxma saylarının azalması koronavirusun təsir gücünün azalması demək deyil. Yoluxma saylarının azalmasına qabaqlayıcı tədbirlər və vətəndaşların əksəriyyətinin qaydalara daha məsuliyyətli yanaşması səbəb olub. Ona görə də hazırkı vəziyyət bizi narahat etmir. Lakin rəqəmlərin bir az da azalması daha yaxşı olardı. Nəzərə alsaq ki, məhdudiyyətlərin bir çoxu aradan qaldırılıb - məktəblər açılıb, nəqliyyat vasitələri tam gücü ilə fəaliyyət göstərir, iş yerləri demək olar ki, tam fəaliyyətdədir, bunlar təmasların sayını artıra bilir. Təmasların sayının artması yoluxanların sayının artımına səbəb ola bilər. Belə olan halda qarşımızda duran əsas vəzifə qorunma tədbirlərinə ciddi riayət etməkdir. Qaydalara ciddi riayət olunarsa, yoluxma sayları bizi narahat etməyəcək. Mən gələcəkdə karantin rejiminin şərtlərinin sərtləşəcəyinə inanmıram. Yəni epidemioloji vəziyyət tam nəzarət altındadır. Bununla yanaşı, dövlət qurumları, səhiyyə qurumları qabaqlayıcı tədbirləri tətbiq etməyə davam edirlər. Belə davam etsə və vətəndaşlar məsuliyyətli davranış sərgiləməyi kənara qoymasalar, hər hansı sərt karantin tədbirlərinin tətbiqi gözlənilmir. Lakin yoluxma saylarında müəyyən artımlar qeydə alına bilər. Bu da bizim özümüzdən asılıdır. Rəqəmlərin artımı bizim hansısa qorunma tədbirlərinə düzgün əməl etməməyimizin göstəricisidir. Hər kəs özünü, ailəsini, yaxınlarını qorusa yoluxma saylarında kəskin artım olmayacaq. Bunu da nəzərə almaq lazımdır ki, biz pik vəziyyəti bir neçə ay öncə keçmişik. O zaman əhalinin müəyyən hissəsi xəstələnib və sağalıb, onların orqanizmlərində immunitet yaranıb. Orqanizmlərində immunitet yarananlar epidemiyanın geniş yayılmasına da mane olurlar”, - deyə A.Qurbanov bildirib.


Onun sözlərinə görə, ilin soyuq fəsillərində qrip və qripəbənzər xəstəliklərin artımı xarakterikdir: "Bu il pandemiya dövrünə görə özünəməxsus bir ildir. Qrip və qripəbənzər xəstəliklər COVID-19-la birlikdə rast gəlinərsə, fəsadları daha ağır ola bilər. Buna görə də dövlət tərəfindən bununla bağlı mühüm tədbirlər həyata keçirilib. Ölkəyə qrip vaksinləri gətirilməkdədir. Çalışırıq ki, qrip xəstəliyi xüsusilə risk qrupuna daxil olanlarda olmasın. Dördvalentli inaktivləşdirilmiş qrip vaksininin tətbiqi risk qrupuna aid olan vətəndaşlarda qrip xəstəliyinin qarşısını alacaq ki, onlarda koronavirusla birlikdə qrip xəstəliyi rast gəlinməsin və COVID-19 o qədər fəsadlaşmalar törətməsin. Digər bir tərəfdən tövsiyə olunan qoruyucu tədbirlər koronavirusla yanaşı, digər respirator xəstəliklərdən də qoruyur. Vətəndaşlar özləri də hiss edirlər ki, maska taxmaqla, sosial məsafə saxlamaqla, əl gigiyenasına əməl etməklə qrip və digər respirator xəstəliklərə də yoluxmurlar. Oktyabrın sonuna kimi vaksinlərin ölkəyə gətirilməsi yekunlaşacaq. Bu sahədə müəyyən işlər görülüb. Qrip əleyhinə peyvəndi COVID-19 əleyhinə vaksin ilə qarışdırmaq olmaz. Bu, yalnız qripdən qorunmağa kömək edəcək. Çox effektli, sınanmış və zərərsiz vaksindir. İlk növbədə risk qrupuna aid olanlar - yaşlılar, xroniki xəstəlikləri olanlar, həkimlərin peyvənd olunması nəzərdə tutulub. Vaksinasiyadan sonra onlarda qrip xəstəliyi olmayacaq. Koronavirusa yoluxacaqları halda qriplə birlikdə rast gəlinmədiyi üçün xəstəlik daha mülayim gedişə malik olacaq. Qrip əleyhinə vaksinasiya könüllülük prinsipi əsasında tətbiq ediləcək. Həmin vaksinasiya vətəndaşları bir il qripdən mühafizə edəcək. Vaksinasiya qrip xəstəliyinin ağır keçmə ehtimalı olan şəxslər üçün daha vacibdir. Çünki həmin şəxslərdə qrip koronavirusla birləşsə, daha ağır keçə bilər. Ona görə də müvafiq risk qrupundan olan şəxslərin vaksinasiya olunması tövsiyə edilir. Həmçinin risk qrupuna daxil olmayan şəxslər də istəsələr, müraciət edib müvafiq qaydalar çərçivəsində vaksinasiya oluna bilərlər”.


Mütəxəssis koronavirus əleyhinə peyvənd barəsində də məlumat verərək deyib: "COVID-19 əleyhinə peyvənd hələ heç bir şirkət tərəfindən tam hazırlanmayıb. Tədqiqatlar davam edir. Bir çox ölkələr peyvənd hazırlanmasına yanvarda başlayıblar. Hazırda peyvəndlərin öyrənilməsinin son mərhələsinə qədəm qoyulub. Müxtəlif ölkələr tərəfindən təklif olunan və namizəd vaksinlər adlandırılan 9 peyvəndin sonuncu sınaqlarına başlanılıb. Həmin vaksinlərin effektivliyi və təhlükəsizliyi sübut olunduğundan onlara namizəd vaksinlər deyilir. Hesab edirik ki, gələcəkdə aldığımız vaksinlər belələri olmalıdır. Yəni, onlar təhlükəsiz, minimum yan təsirlərə malik və kifayət qədər effektiv olmalıdırlar. COVID-19 əleyhinə səmərəli vaksinlər insanların təqribən yarısında qorunma effekti yarada bilənlər hesab ediləcək. Belə vaksinlərin gələcəkdə ölkəyə gətirilməsi barəsində sazişlər imzalanıb. Sazişlərə görə hər hansı bir peyvəndin tam təhlükəsizliyi və effektivliyi sübut olunarsa, onların alınmasına start veriləcək. COVID-19 əleyhinə vaksinasiya da ilk növbədə risk qrupuna daxil olanlarda aparılacaq. Bu da təxminən əhalinin 20 faizini əhatə edən bir səviyyədə olacaq. Hazırda TƏBİB tərəfindən tədqiqat aparılır. Tədqiqatlara görə, əhalinin təxminən 20-30 faizinin orqanizmində koronavirusa qarşı anticisimlər var. Yəni onlar xəstəliyi keçiriblər və immunitet yaranıb. Daha 20 faizinin də vaksinasiyası əhalinin yarısından çoxunda immunitet yaradacaq. Əgər əhalinin 50 faizindən çoxunda immunitet yaranarsa, onda pandemik-epidemik proses dayanır. Nəticədə yoluxma sayı çox artmır və rəqəmlərin artımı narahatlıq doğurmur. Sonrakı mərhələlərdə daha kimlərə vaksin vurulması məsələsi müzakirə olunacaq və tənzimlənəcək. Vaksinasiya olunanlar xəstəliyi ya keçirməyəcəklər, ya da keçirsələr ağırlaşmalar, fəsadlaşmalar olmayacaq. Gözlədiyimiz vaksin olarsa, onun istifadəsi bizi bir çox qadağalardan qurtaracaq.


Azərbaycanda koronavirusa qarşı peyvəndin hazırlanması real görünür. Hazırda TƏBİB tərəfindən bu sahədə çox mühüm addımlar atılır ki, bizim də milli vaksin və digər bioloji preparatlarımız olsun. İnanıram ki, yaxın vaxtlarda bizim də milli peyvəndlərimiz, başqa preparatlarımız olacaq. Dövlət səviyyəsində bu sahədə müəyyən planlar hazırlanır. Bəlkə də hazırladığımız vaksinlər koronavirus üçün gec olacaq. Lakin qarşıda bizi hansı epidemiya və pandemiyaların gözlədiyi məlum deyil".

Xəbər lenti