Xəzər Xəbər

Belçikada məhkum olunmuş terrorçuya qarşı daha bir ittiham irəli sürülüb

Dünya | 14:57 • 9 Avqust 2019
Belçikada məhkum olunmuş terrorçuya qarşı daha bir ittiham irəli sürülüb

2015-ci il noyabrın 13-də Parisdə dəhşətli terror aktı törədilib. Sonrakı dörd day ərzində polis bu cinayətdə şübhəli bilinən əsas şəxsin – Salah Əbdelsalamın yaxalanması üçün axtarış-əməliyyat tədbirləri həyata keçirib. Xəfiyyələr onun izini tapıblar, lakin terrorçu planlı şəkildə ələ keçirilməsinə bir gün qalmış yenidən yoxa çıxıb. Onun Brüssel şəhərindəki Vorst bələdiyyəsi ərazisində yerləşən evinə polis basqını da nəticə verməyib. Şübhəli şəxs özünün cinayət ortağı Sofienu Ayari ilə gizlənə bilib. Onun evində olan üçüncü terrorçu isə polisə müqavimət göstərdiyi vaxt güllələnib.


Lakin 2016-cı il martın 18-də terrorçunu Brüsselin Sint-Yans-Molenbek bələdiyyəsinin ərazisində yaxalamaq mümkün olub. Ötən il Əbdelsalam və cinayət ortağı 20 il müddətinə həbs cəzasına məhkum ediliblər.


Salah Əbdelsalamın həbsindən dörd gün sonra Brüsseldə daha iki terror aktı törədilib: onlardan biri ölkənin ən böyük aeroportu Zaventemdə, digəri isə Maalbek metro stansiyasında baş verib. Terrorçuların həmin hücumları nəticəsində 35 nəfər, o cümlədən insidenti törədən 3 cinayətkar ölüb.


Avqustun 9-da Əbdelsalama qarşı sonuncu terror aktları ilə bağlı da ittiham irəli sürülüb. O, təbii ki, həbsxanada polis nəzarəti altında olduğundan bu cinayətlərdə birbaşa iştirak edə bilməzdi, amma terrorçunu həmin dəhşətli terror aktlarını törədən şəbəkədə iştirak etməkdə təqsirləndirirlər. Müstəntiqlər hesab edirlər ki, Əbdelsalam silahlı hücumları təşkil edən qruplaşmanın üzvü olub.


Terrorçunun 2016-cı il martın 22-də törədilmiş terror aktlarında iştirakı ilə bağlı məhkəmə iclası gələn il NATO-nun Brüsseldəki keçmiş binasında keçiriləcək. (AZƏRTAC)

Xəbər lenti