Xəzər Xəbər

Sorğu: Cənubi koreyalıların əksəriyyəti KXDR-lə birləşməyi gərəksiz sayır

Dünya | 21:13 • 7 İyun 2019
Sorğu: Cənubi koreyalıların əksəriyyəti KXDR-lə birləşməyi gərəksiz sayır

Cənubi koreyalıların yarıdan çoxu iqtisadi maraqlarını KXDR-lə birləşməkdən daha vacib hesab edir.


AZƏRTAC KBS telekanalına istinadla xəbər verir ki, bu barədə məlumat Koreya Səhiyyə və Sosial Problemlər İnstitutunun 3,9 min nəfər arasında keçirdiyi tədqiqatın nəticələrində öz əksini tapıb. Respondentlərin 56 faizi hazırda KXDR-lə vahid dövlət qurmağın vacib olmadığını bəyan edib. Rəyi soruşulanların 16 faizi isə Şimal və Cənubun birləşməsinə ümumiyyətlə lüzum görmədiyini deyib.


Cənubi koreyalıların cəmi 17 faizi birləşmənin vacibliyini və bu məqsəd naminə öz gəlirlərinin azalmasına hazır olduqlarını bildirib.


Cənubi koreyalı analitiklərin hesablamalarına əsasən, Koreya yarımadasının Seulun himayəsi altında birləşdirilməsi Cənuba 1-3 trilyon dollara başa gələcək ki, bu da həyat səviyyəsinin mütləq aşağı düşməsi ilə nəticələnəcək. Tədqiqat müəllifləri eyni zamanda birləşmənin bir sıra müsbət tərəflərini də qeyd edirlər. Belə ki, birləşmə Cənubi Koreyanın demilitarizasiyaya xərclədiyi əlavə vəsaitdən azad olmasına, həmçinin KXDR-in ucuz torpaq sahələrinə və ucuz əmək resurslarına yiyələnməsinə imkan yaradacaq.


1910-cu ildən Yaponiyanın tərkibinə daxil olan Koreya yarımadası II Dünya müharibəsindən sonra ABŞ və SSRİ-nin təsir zonalarına bölünüb. Yarımadanın 38-ci paraleldən cənubu ABŞ-ın nəzarəti altına keçib və 1948-ci il avqustun 15-də burada Koreya Respublikası qurulub. SSRİ-nin nəzarəti altında qalan şimalda isə kommunist hakimiyyəti formalaşdırılıb: 1948-ci il sentyabrın 9-da burada Koreya Xalq-Demokratik Respublikası elan olunub.


1950-1953-cü ildə baş verən Koreya müharibəsi zamanı ABŞ Cənubi Koreyanı dəstəkləyib. Amerikalı hərbçilər BMT Təhlükəsizlik Şurasının sanksiyası ilə fəaliyyət göstərən, 17 ölkənin kontingentini birləşdirən və ümumi sayı bir milyon nəfərə çatan BMT qoşunlarının tərkibində hərbi əməliyyatlarda iştirak edib. Yarımadada hərbi əməliyyatlar 1953-cü ildə bağlanan atəşkəs nəticəsində dayanıb. Münaqişə tərəfləri arasında sülh sazişi imzalanmadığı üçün hazırda ABŞ və KXDR formal olaraq müharibə vəziyyətindədir.

Xəbər lenti