Xəzər Xəbər

Puçdemon İspaniyaya ekstradisiya ediləcək

Dünya | 16:27 • 22 May 2018
Puçdemon İspaniyaya ekstradisiya ediləcək
Almaniyanın Şlezviq-Qolştayn əyalətinin baş prokurorluğu Kataloniyanın sabiq lideri Karlos Puçdemonu İspaniyaya ekstradisiya edəcək.


Bu barədə "N-TV” prokurorluğun nümayəndəsinə istinadən məlumat yayıb.


"Bu qərar, İspaniya hökumətinin ekstradisiya barədə sorğusunun yoxlanılması nəticəsində verilib” – deyə prokurorluğun nümayəndəsi bildirib.

Hələ 1 ay bundan əvvəl Almaniya məhkəməsi Puçdemonun ekstradisiyasi ilə bağlı ispan hökumətinin xahişini rədd etmişdi. Səbəb kimi isə, Kataloniyanın müstəqillik kampaniyasındakı başlıca roluna görə, İspaniya dövləti əleyhinə üsyanda ittiham edilməsi idi. Bununla belə, məhkəmə Puçdemonun nisbətən az ağır ittiham - dövlət fondlarının mənimsənilməsi üzrə ekstradisiyasına razı ola biləcəyini demişdi. Bu isə Madridi qane etməyib.

İndi isə Almaniya Baş Prokurorluğu İspaniya hökumətindən aldığı yeni informasiyadan, məsələn, polisə qarşı zorakılığın əks olunduğu videolardan belə qənaətə gəlib ki, Puçdemonun dövlətə qarşı üsyanda ittiham edilməsi yetərincə əsaslandırılıb. Bu səbəbdən Baş prokurorluq Puçdemonun ekstradisiya oluna biləcəyinə dair bəyanat verəcək.

Alman prokurorları həmçinin, ekstradisiyaya qədər Puçdemonun həbs altına alınması üçün məhkəməyə müraciət ediblər. Məhkəmənin ekstradisiya qərarını nə zaman verəcəyi isə bəlli deyil.

Xatırladaq ki, Kataloniyanın İspanyadan ayrılıb müstəqil dövlət olması üçün muxtar regionun lideri Karlos Puçdemonun qərarı ilə ötən il oktyabrın 1-də referendum keçirilib. İspaniya mərkəzi hökuməti bunun konstitusiyaya zidd olduğunu deyərək, prosesə mane olmağa çalışıb və referendumun nəticələrini tanımayıb. Baş nazir Mariano Raxoy Puçdemonu Kataloniyanın rəhbəri vəzifəsindən kənarlaşdırıb. Dövlətə qarşı qiyamda ittiham olunan Puçdemon həbsdən yaxa qurtarmaq üçün oktyabrın sonunda Belçikaya, oradan isə bu ilin martında Almaniyaya qaçıb. Almaniyada əvvəlcə həbs olunsa da, ölkə ərazisini tərk etməmək şərti altında zaminlə azadlığa buraxılıb. /azvision.az

Xəbər lenti