Xəzər Xəbər

Azərbaycanda mənasız adətlər niyə artır...

Cəmiyyət | 12:30 • 18 Noyabr 2017
Azərbaycanda mənasız adətlər niyə artır...

Zamanla milli dəyərlər unudulur və yerini mənasız adətlər tutur. Yəqin əksəriyyət razılaşar ki, bu gün kifayət qədər anlamı olmayan, əlavə xərc tələb edən məclislər təşkil edilir. Məsələn, əndazədən çıxan xına, nişan, toy mərasimləri, ad günləri və s. Bəziləri maddiyyatın vacibliyini hər addımda vurğulamaq və bununla da özünü kimlərəsə göstərmək istəyir.
Nəticə olaraq bu istiqamətdə arzuolunmaz rəqabət də yaranır. Əgər filankəs toyuna helikopterlə gəlibsə, mən niyə etməyim? Kimsə övladının bir, iki, beş aylığını təmtəraqlı qeyd edirsə, biz niyə geri qalaq? Sanki cəmiyyət yoluxucu virusa tutulub.

Mənasız adətlərin yaranma səbəbi nədir?

Sosioloq alim Əhməd Qəşəmoğlu Modern.az-a bildirib ki, qeyd edilən problem onun həyəcanla danışdığı və ictimai diqqəti bura cəlb etmək istədiyi məsələlərdən biridir:

"İndi çox təəssüf ki, ölkədə maddi dəyərlər getdikcə daha çox aparıcı rol oynamağa başlayır. Əslində bu, bütün yer üzündə belədir. Azərbaycanda isə bir çox aşırı nüanslar var. Ölkədə təhsilin, elmin rolu azaldıqca, cəhalət çoxalır. Bu zaman insanların maddi dəyərlərə aludəçiliyə də artır. Bəs bu proses Çexiya, İngiltərə, Fransa və digər ölkələrə nisbətən Azərbaycanda niyə daha qabarıqdır? Çünki ölkəmizdə cəhalət bir az onlardan çoxdur. Min illərdir, bütün tarix, peyğəmbərlərimiz, sosiologiya elmi bunu təsdiq edir ki, cəmiyyətdə maddi dəyərlər rol oynadıqca, gərginlik artır. Mənəvi dəyərlər öndə olan zaman isə cəmiyyət özü-özünü tənzimləyir. Maddi dəyərlərin öndə olması min cür fəsadların yaranamasına səbəbdir. Məsələn, bir-birini öldürmək, yalan demək, fırıldaq gəlmək və.s.

Konfutsidə belə bir fikir var ki, mənəvi dəyərlərə üstünlük verən adamlara savadsız da desələr, mən onu alim hesab edirəm. Lakin biz cəmiyyəti başlı-başına buraxmışıq. Necə ki, parklarımızı yenidən qururuq, küçələrimizi təmir edirik, bununla yanaşı, humanitar sahəni, sosial sferanı təmir etməliyik. Bu sahəyə diqqət vermədiyimiz üçün belə eybəcər mənzərə yaranır”.

Ə.Qəşəmoğlunun fikrincə, problemin arxasında pula hərislik dayanır:

"İnsanların psixologiyası belədir ki, özünü nədəsə təsdiq etmək istəyir. Əgər bir insan özünü elmlə, mənəvi davranışla təsdiq edə bilməyəndə maddi dəyərləri tətbiq etmək istəyir. Bundan da bir çox işbazlar istifadə edir. Xalqın zəifliyindən istifadə edərək yeni dəb formaları yaradırlar. İnsanların mənəvi sahədə immuniteti zəiflədikcə, bu cür problemlər daha çox olacaq.

İndi xınayaxdı, nişan mərasimləri əndazədən çıxıb. Eyni zamanda ad günləri, uşaqlara aid olan müxtəlif günlər və bu kimi göstərməlik məclisləs təşkil edilir. Məsələn, mənim qızım başqa bir ölkədə yaşayır. Yayda bura gəlmişdi və onu demək olar ki, hər gün rəfiqələri uşaqlarının ad gününə, aylığına dəvət edirdilər. Bunun arxasında da pul hərisliyi dayanır. Bu cür məclisdə heç kimin şənlənmək planı yoxdur. İndiki vaxtda da maddi cəhətdən insanların vəziyyəti kifayət qədər ağırdır. Hər dəfə bir dəvətnamə gələndə onlar necə həyəcan keçirir. Çünki əhalinin əksər qisminin orta əmək haqqı 300 manatdır. Bu da heç evin yeməyini, kommunal xərclərini qarşılamır. İnsanları belə axmaq tədbirlərə çağıranda bu, birbaşa onları kriminal işlərlə məşğul olmağa vadar edir. Çünki pul tapa bilməyən biri ən azından əyri yola düşür və səhv addımlar atırlar. Tədbirlər çoxaldıqca, cəmiyyətdə gərginlik, oğurluq, kriminal hadisələr artır. Bu səbəbdən qondarma tədbirlərə son qoymaq lazımdır”.

Müsahibimiz qeyd edib ki, mənasız dəyərlərin yaranmasının qarşısını almaq üçün mütləq işlər görülməlidir:

"Bu sahə istiqamətində məsul qurumlar humanitar siyasət formalaşdırmalı və bunun əsasında həqiqi alimlərin iştirakı ilə fəaliyyət proqramı hazırlamalıdır. Get-gedə mürəkkəbləşən cəmiyyətdə elmi təminat olmadan heç bir iş görmək mümkün deyil.

Əgər bu cür mənasız adətlərin qarşısı alınmasa, birmənalı olaraq bunun proqnozu pisdir. Mən 10 ildir, SOS siqnalı çalıram, kütləvi informasiya vasitələrində fikirlərimi deyirəm. Belə davam edərsə, cəmiyyət uçuruma gedəcək. Bununla bağlı yeni ştatlar, institutlar açmaq lazım deyil, Milli Elmlər Akademiyasının o qədər institutları var ki...”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti