Xəzər Xəbər

Azərbaycanda Günəş Elektrik Stansiyası tikilir VİDEO

Veb TV | 20:27 • 17 Oktyabr 2021
Azərbaycanda Günəş Elektrik Stansiyası tikilir

Azərbaycanın günəş enerjisindən istifadə etmək üçün böyük potensialı var. Əsas səbəblərdən biri ölkəmizdə günəşli günlərin sayının çox olmasıdır.

Xezerxeber.az-ın məlumatına görə, bu növ alternativ enerjidən istifadənin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir. Digər ənənəvi enerji qurğularından daha tez quraşdırıla bilir. Günəş stansiyasının qurulmasına görə yüksək gərginlikli ötürücü xətlər və ya mürəkkəb infrastruktur tələb edilmir. Bu isə xərcləri azaldır. Sözügedən sistem daha uzun müddət üçün etibarlıdır. Ona görə potensialı olan ölkələr günəş enerjisindən istifadə etmək üçün müxtəlif layihələr həyata keçirirlər.

Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov deyir ki, bu sahəni daha da inkişaf etdirmək üçün ölkəmizdə günəş energetikası sahəsində müəyyən layihələr həyata keçiriləcək.

O deyib ki, Azərbaycanda 1 kv/ m əraziyə düşən günəş radiasiyasının miqdarına görə ən yüksək göstərici Naxçıvan ərazisinə düşür. Buna görə də ən güclü günəş elektrik stansiyası elə oradadır. Amma digər ərazilərdə də kiçik günəş elektrik stansiyaları da mövcuddur.

Qeyd edək ki, ötən il respublikada ümumi elektrik enerjisi istehsalı 25,8 milyard kilovat/saatdan artıq olub. Bunun da 24,4 milyard kilovat/ saatı istilik elektrik stansiyalarının hesabına olub.  Qalan hissə isə bərpa olunan elektrik mənbələrinin payına düşür.

Günəş enerjisinin birbaşa elektrik enerjisinə çevrilməsi dünya təcrübəsində geniş yayılıb. Günəş panelləri ilə işləyən ən böyük elektrik stansiyası ABŞ-ın Nevada ştatındadır. Türkiyədə də alternativ enerji mənbəyi kimi günəş enerjisindən çox istifadə edilir. Qardaş ölkə Türkiyə günəş kollektorlarının gücünə görə dünyada Çindən sonra ikinci yerdə qərarlaşıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti