Xəzər Xəbər

Türkiyədən ABŞ prezidentinin yanlış mövqeyinə sərt münasibət video

Veb TV | 19:28 • 25 Aprel 2021
Türkiyədən ABŞ prezidentinin yanlış mövqeyinə sərt münasibət

ABŞ-ın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Xezerxeber.az-ın məlumatına görə, səfir David Satterfild nazir müavini Sedat Önal tərəfindən qəbul edilib.

Diplomata ABŞ Prezidenti Co Baydenin XX əsrin əvvəllərində Osmanlı dövlətində ermənilərin kütləvi ölümünü "soyqırımı" adlandırmasının heç bir tarixi və hüquqi əsası olmadığı bildirilib. Qeyd edilib ki,  bu bəyanat Türkiyə tərəfindən qınanılır və rədd edilir.

Türkiyənin vitse-prezidenti Fuad Oktay Ağ ev rəhbərinin açıqlamasının heç bir dəyərinin olmadığını bildirib. "Ermənilər tərəfindən qurulmuş əsassız iddialara söykənən və erməni üsyançılar tərəfindən qətlə yetirilən türklərin əzablarını, ağrılarını gözardı edən bu açıqlamanın millətimiz və tarix qarşısında heç bir dəyəri yoxdur. Həqiqətləri görmək istəyənlərə arxivimiz açıqdır", - deyə vitse-prezident qeyd edib.

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın isə qeyd edib ki, siyasi konyunkturanın dar maraqları tarixi həqiqətləri müəyyənləşdirə bilməz, tarixi hadisələr tarixçilər tərəfindən öyrənilməlidir.

"Türkiyə Prezidenti 1915-ci il hadisələri ilə bağlı "Birgə Tarix Komissiyası"nın qurulması çağırışını edəndə, həqiqətin sənədlər vasitəsi ilə açıqlanacağından qorxanlar bu çağırışa cavab verə bilmədilər. ABŞ Prezidenti bu həqiqətləri görməməzliyə vurdu və ədalətsiz bir münasibət göstərdi", - deyə İbrahim Kalın əlavə edib.

Bu arada ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəlikləri bağlanacaq.

Bu barədə ABŞ-ın Türkiyədəki səfirliyi məlumat yayıb. Bildirilib ki, nümayəndəliklərin bağlanması müvəqqətidir və təhlükəsizlik məqsədi daşıyır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti