Xəzər Xəbər

Masallı və Hacıqabulda ağır qəzalar: 9 ölü, 2 yaralı var - VİDEO

Veb TV | 20:09 • 9 İyul 2019
Masallı və Hacıqabulda ağır qəzalar:

Bakıdan Lerikə toya gedən qohumlar qəzaya düşüblər. Baş vermiş dəhşətli qəzada 8 nəfər ölüb.

Xezerxeber.az-ın məlumatına görə, səhər saat 7:00-da Ələt -Astara magistral yolunun Masallının Hüseynhacılı kəndi ərazisində ailələri toya aparan mikroavtobus yük maşını ilə toqquşub. Ağır qəza nəticəsində mikroavtobusda olan sərnişinlər -17 yaşlı Əlizahir Tağıyev, 35 yaşlı Əsgər Rzayev, 17 yaşlı Hikmət Rzayev, 11 yaşlı Azər Rzayev, 3 yaşlı Ayxan Rufullayev, 23 yaşlı Gültac Məmmədova , 24 yaşlı Aytac Məmmədova və 22 yaşlı Elgün Məmmədov həlak olublar.

Ağır qəzada iki nəfər - 24 yaşlı Miranə Tağıyeva və 34 yaşlı Ruhiyyə Rzayeva xəsarət alıblar.

Baş verən qəza ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. Məlumatda qeyd edilir ki, Nizami Mustafayevin idarə etdiyi mikroavtobusun Elvin Zeynalovun idarə etdiyi yük avtomobilinə arxadan çırpılması nəticəsində mikroavtobusda olmuş 8 nəfərin vəfat etməsi, 1 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması faktına görə Cinayət Məcəlləsinin -yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb. İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.Aparılmış istintaqla hadisənin Nizami Mustafayev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

Hacıqabuldakı qəza da ölümlə nəticələnib. Rayonunun Padar kəndi ərazisində yük maşını eyni yolda hərəkətdə olan qoşqulu yük avtomobilinə arxadan çırpılıb. Hadisə nəticəsində sürücü Gəncə sakini, 43 yaşlı Fikrət Ağayev yerindəcə ölüb. Xilasedicilər deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti