Xəzər Xəbər

Buzovna çimərliyində 5 hektar ərazi tullantılardan təmizlənib - VİDEO

Veb TV | 20:14 • 11 Avqust 2018
Buzovna çimərliyində 5 hektar ərazi tullantılardan təmizlənib -

"Xəzər günü" ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində iməcilik aksiyası keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, məqsəd dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi olub. İməcilikdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, BMT-nin Azərbaycan nümayəndəliyinin və müxtəlif təşkilatların nümayəndələri iştirak ediblər.

İməcilik zamanı 5 hektar ərazi tullantılardan təmizlənib, 10 kubmetr tullantı çeşidlənərək daşınıb. Tullantılar Balaxanıda Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənərək təkrar emala göndəriləcək. Tədbir 2 gün davam edəcək.

Həmçinin bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Daxili İşlər Nazirliyi ilə birgə tədbirlər planı hazırlanıb. Məqsəd Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır. Plana əsasən Lənkəran və Sumqayıtda, eləcə də Şimal bölgəsində reydlər keçirilib. Sahil zolaqlarındakı və çimərlik ərazilərdəki ictimai iaşə obyektlərində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar üzə çıxıb.

Həmin obyektlərin sahiblərinə, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan müddətli göstərişlər verilib. Verilən müddətdə nöqsanları aradan qaldırmayan obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı tədbirlər görüləcək. Reydlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti