Xəzər Xəbər

Quba məzarlığındakı sümüklər torpağa basdırılır? VİDEO

Veb TV | 20:50 • 12 Fevral 2018
Quba məzarlığındakı sümüklər torpağa basdırılır?

Qubada ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarının məzarlığındakı açıq sümüklər torpağa basdırıla bilər. Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə məzarlıqda dövlət komissiyası iş aparır. Komissiyanın üzvü, akademik İsa Həbibbəyli bir neçə təklif üzərində işlədiklərini deyir.

Təsadüfən aşkar edilən və böyük əziyyətlər hesabına tədqiq edilərək dünya ictimaiyyətinə nümayiş etdirilən Quba soyqırım məzarlığı 11 ildən sonra basdırıla bilər.

Quba Soyqırımı Memorial Kompleksində vəziyyətin araşdırılması üzrə Dövlət Komissiyası yaradılıb. Komissiyanın üzvü, akademik İsa Həbibbəyli hazırda bir neçə variant üzərində iş aparıldığını deyir. Onun sözlərinə görə, vaxtilə erməni təcavüzkarları tərəfindən vəhşicəsinə qətlə yetirilənlərin də məzarları olmalıdır. Təkliflər arasında azərbaycanlılarla yanaşı digər millətlərə də aid olan insan sümüklərinin milli və dini adətlərə uyğun olaraq torpağa basdırılması var. O, məzarlığın üstünün örtülməsini etika baxımından vacib hesab edir.

Komissiyanın üzvü İsa Həbibbəyli soyqırıma məruz qalan ölkələrdə Memorial Komplekslərin örtülü məzarlıq formasında olduğunu nəzarə aldıqları üçün bu təklifi dəyərləndirdiklərini deyir.

Mədəniyyət və Turizm nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun sözlərinə görə hava şəraitindən asılı olaraq Quba məzarlığındakı sümüklərin çoxu deformasiyaya uğrayıb.

Vüqar Şixəmmədov bildirdi ki, ermənilərin törətdikləri vandalizmi dünya ictimaiyyətinə daha qabarıq şəkildə nümayiş etdirmək üçün soyqırım memorial kompleksində yenidənqurma işləri aparılmalıdır. Qeyd edək ki, yenidənqurma işlərindən sonra məzarlıqda 1918-ci ilin qanlı hadisələrini əks etdirən Memorial lövhə və rəmzi abidə qoyulacaq.


Xəbər lenti