"Panasonic" şirkətinin mütəxəssisləri "Deodorant Hanger MS" adlı qeyri-adi qurğu hazırlayıblar. Bu, köynək və gödəkcələri doldurulmuş hissəciklərlə dezodorasiya edən asılqandır.
XəzərXəbər milli.Az-a istinadən bildirir ki, bu asılqanın yaradıcılarının səyi nəticəsində geyim 5 saat ərzində xoşagəlməz qoxulardan xilas olur.
"Deodorant Hanger MS" qurğusunun işi zamanı "Panasonic" şirkətinin "nanoe" adlı zərrəciklərindən istifadə olunur. Bu hissəciklər insan gözü üçün görünməzdir və artıq fenlərdə tətbiq edilir.
Qurğu həm ev şəbəkəsi, həm də akkumulyator vasitəsilə işləyə bilər. Adi 5 saatlıq rejim xoşagəlməz qoxuların aradan qaldırılmasını təmin edir, 7 saatlıq xüsusi rejim isə daha mürəkkəb qoxuların aradan qaldırılması üçün nəzərdə tutulub.
Geyimi emal etmək üçün onu asılqana asmaq və düyməni sıxmaq kifayətdir. Asılqanın qiyməti təxminən 180 dollardır. Sözügedən asılqan hələ ki yalnız Yaponiya sakinləri üçün əlçatandır.