Xəzər Xəbər

Prezident İlham Əliyev qərb bölgəsində səfərdədir VİDEO

Veb TV | 20:50 • 19 Avqust 2017
Prezident İlham Əliyev qərb bölgəsində səfərdədir

Prezident İlham Əliyev qərb bölgəsinə səfər edib. Dövlət başçısının səfəri bir sıra sosial və iqtisadi əhəmiyyətli obyektlərin açılışı ilə müşahidə olunub.

Dövlət başçısı səfərinə ümummilli lideri Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək başlayıb və abidə ətrafında aparılan abadlıq işləri ilə tanış olub. Daha sonra prezident Göygöldəki Qələbə parkında olub. Burada geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, dekorativ bəzək və gül kolları əkilib, oturacaqlar qoyulub. Uşaqların asudə vaxtının səmərəli təşkili üçün əyləncə kompleksi yaradılıb, attraksionlar quraşdırılıb. Dövlətimizin başçısı parkda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib.

Prezidenti İlham Əliyev Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışını da edib. 100 uşaq yerlik bu müəssisədə oyun, yemək və yataq otaqları, tədris otağı, musiqi zalı, mətbəx, həkim otağı və anbarlar yaradılıb. Otaqların hamısı zəruri inventar və avadanlıqla təchiz edilib.

Göygölün Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 MVt-luq "Çiçəkli" Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istismara verilib. İldə 20 milyon kVt-saat elektrik enerjisi istehsal etmə gücünə malik olan bu stansiya Göygöl rayonunun tələbatının 15 faizini, Göygöl şəhərinin tələbatının isə 75 faizini ödəyəcək. Stansiyanın tikintisində 80 işçi çalışıb. Burada 20 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında yaradılan şəraitlə də tanış olub. Laboratoriya tərəfindən əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması nəzərdə tutulur. labaratoriya fermerlərə və torpaq mülkiyyətçilərinə dövlət dəstəyinin gücləndirilməsinə və kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunmasına şərait yaranacaq.

Göygöl Regional Toxum Sertifikatlaşdırma Laboratoriyası isə müvafiq sahə standartlarının tələblərinə uyğun toxumun keyfiyyətinə nəzarətin və sertifikatlaşdırmanın həyata keçirilməsi məqsədilə toxumluq əkinlərin qeydiyyatının aparılması işini yerinə yetirəcək.

Laboratoriya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident Göygöl rayonuna səfəri çərçivəsində Respublika Süni Mayalanma Mərkəzinin açılışında da iştirak edib. Hazırda mərkəzdə 36 baş törədici heyvan var. Onlardan beşi qaramal, biri isə camış cinsidir.

Dövlətimizin başçısı mobil laboratoriya və genetik materialların paylanması üçün istifadə edilən avtonəqliyyat vasitələrinə də baxıb. Burada, eyni zamanda, maye azotun daşınması üçün nəzərdə tutulan xüsusi təyinatlı avtomobillər də var., Göygöldə istifadəyə verilən Respublika Süni Mayalanma Mərkəzi ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılayacaq və yerli heyvan cinslərindən istifadə olunmaqla yetişdirilmiş cinslərin də genetik imkanlarından faydalanmağa şərait yaradacaq.

Daha sonra Prezidenti İlham Samux rayonunda olub.Və burada ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Dövlət başçısı səfər çərçivəsində Zazalı-"İmamzadə" kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib. uzunluğu 19 kilometrdən çox olan yol yerli şərait nəzərə alınmaqla birinci və üçüncü texniki dərəcələrə uyğun surətdə hissələrlə layihələndirilib. Bu yolun tikilməsi Gəncə şəhərinin şimal hissəsindən keçən əlavə dairəvi avtomobil yolu rolunu oynayaraq, Samux, Şəmkir, Tovuz, Qazax, Gürcüstan ilə dövlət sərhədi istiqamətində və əksinə hərəkət edən nəqliyyat vasitələrinin Gəncə şəhərinin mərkəzinə daxil olmadan yük və sərnişin daşımasını təmin etməyə imkan verəcək. Eyni zamanda, bu yol vasitəsilə "İmamzadə" dini-mədəniyyət kompleksinə ziyarətçilərin rahat gediş-gəlişi təmin ediləcək.

Xəbər lenti