Xəzər Xəbər

Əlbir olan dostlar ev qarət ediblər VİDEO

Veb TV | 20:44 • 18 Avqust 2017
Əlbir olan dostlar ev qarət ediblər

Bakıda mənzili qarət edən cinayətkar dəstə ifşa edilib. Aralarında qadın da olan 4 nəfəri yasamal polisi tutub. Onların rayon ərazisində bir evdən külli miqdarda pul oğurladığı bildirilir. Sumqayıt polisi isə quldurluq edən 2 nəfəri saxlayıb. Saxlanılan şəxslər şəhər sakininə bıçaqla xəsarət yetirərək onun külli miqdarda pulunu və 2 mobil telefonunu əlindən alıblar. Keçirilən daha bir əməliyyatla isə şəhər ərazisində silsilə oğurluqlar edən şəxs yaxalanıb.

Əlbir olan dostlar ev qarət ediblər. Onlar bir mənzildən 12 min manat, 1800 dollar və qızı-zinət əşyası oğurlayıblar. Hadisə ötən ay paytaxtın Yasamal rayonunda baş verib. Zərərçəkmiş ev sahibi ərazi üzrə 27-ci polis bölməsinə məlumat verib ki, evdə olmadıqları vaxt Mirzəfətəli Axundov küçəsindəki evi qarət edilib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis ötən gün cinayəti törətməkdə şübhəli bilinən Elvin İsrafilov, Elnur Qarayev, Baba Sadıqov və onun keçmiş həyat yoldaşı Afiyə Sadıqovanı saxlayıb. Saxlanılan Baba Sadıqov cinayəti qrup şəklində törətmələrini etiraf edib. Polis onların analoji cinayətlərinin çox olmasını istisina etmir.

Sumqayıtda isə vətəndaşa qarşı quldurluq edən şəxslər saxlanılıb.

Şəhər sakini Cahid Baxşıyev Polis İdarəsinə müraciət edərək bildirib ki, ötən gün tanımadığı iki nəfər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ona hücum edərək bıçaqla xəsarət yetirib. Həmçinin, 874 manat pulunu və 2 mobil telefonunu da əlindən alıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin əvvəllər məhkum olunmuş şəxslər - Anar Yusifov və Mehman Ağaliyev tərəfindən törədildiyi məlum olub. Onların hər ikisi tutularaq istintaqa cəlb edilib. Anar Yusifov və Mehman Ağaliyevin üzərinə baxış zamanı cinayətdə istifadə etdikləri bıçaqlar da aşkar edilərək maddi sübut kimi götürülüb.

Sumqayıt polisinin keçirdiyi daha bir əməliyyatla isə şəhər ərazisində silsilə oğurluqlar edən Ceyhun Fyodorov saxlanılıb. Aparılan araşdırmalar zamanı onun bu ilin aprel-iyul ayları ərzində evlərin qarşısından müxtəlif əşyalar, mərasim zalından samovar, eləcə də evlərdən birindən 10 000 dollar, 700 manat və 40 avro pul oğurladığı məlum olub

Hər iki faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Xəbər lenti