Rusiyanın "Voximplant” şirkəti
tərəfindən hazırlanmış proqram məhsulu müxtəlif messencerlərdə yazışmanı
vahid çatda birləşdirməyə imkan verir. Məhsul biznes üçün nəzərdə
tutulub və müştərilərlə intensiv yazışmanı təmin etməlidir. Həmin
proqram messencer deyil. Proqramçılar öz həllini "messencerlər üçün
Uber” adlandırıblar.
XəzərXəbər "ICTnews” Elektron Xəbər Xidmətinə istinadla bildirir ki, proqram
təminatının hazırlanmasına təxminən bir il vaxt sərf edilib.
"Voximplant” şirkətinin mətbuat xidmətindən bildiriblər ki, bu həllin
yekun dəyərini hesablamaq çətindir. Çünki layihə komandası API üzərində
tam iş günü işləməyib. Məhsulun artıq sifarişçiləri var, lakin onların
adları gizli saxlanılır.
Yeni proqramın yaradıcıları qeyd edirlər ki, bir çox şirkətlər gün
ərzində müştərilərdən minlərlə mesaj alırlar. Həmin şirkətlərin
əməkdaşları bu mesajları "əllə” emal etməli olur, yəni müxtəlif
messencerlər arasında keçid edirlər və eyni zamanda, ümumi mesaj bazası
yaratmalı olurlar. "Voximplant” şirkətinin nümayəndələri əmin edirlər
ki, şirkət əməkdaşları gündəlik bu işlərə 1,5 saat vaxt sərf edirlər.
"Voximplant” şirkətinin həlli messencer, sayt və ya smartfon vasitəsilə
göndərilmiş mesaj və zəngləri qəbul edir və onları əlaqə mərkəzinin
əməkdaşları üçün növbə şəklinə salır. Növbə həm əllə, həm də avtomatik
yaradıla bilər. Mesajlar həm ani, həm də təxirə salınmış kimi göndərilə
bilər. Platforma "WhatsApp”, "Viber” və "Telegram” messencerlərini
dəstəkləyəcək.
Proqramçılar qeyd edirlər ki, onların həllindən istifadə kompüter və ya başqa qurğuya yüklənməni azaldır.