Xəzər Xəbər

Əlillərə 4500-dən çox reabilitasiya vasitəsi verilib

Mədəniyyət | 12:00 • 3 Mart 2016
Əlillərə 4500-dən çox reabilitasiya vasitəsi verilib

Son iki ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərə 4500-dən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib.

Bu barədə "Xəzər Xəbər"ə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN tərəfindən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya vasitələri və protez-ortopedik məmulatlarla təminatı istiqamətində işlər davam etdirilir.

Cari ilin yanvar-fevral aylarında Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən qeyd olunan şəxslərə 144 ədəd aşağı ətraf və 28 ədəd yuxarı ətraf protezi, 204 ədəd aşağı ətraf ortezi, 131 ədəd bel nahiyəsi üçün korset, 100 ədəd dörd ayaqlı dayaq vasitəsi, 228 cüt dirsəkaltı ağac, 336 ədəd əsa, 473 cüt protez ayaqqabı, 112 qoltuqaltı ağac, 706 cüt ortopedik ayaqqabı və s. verilib.

Bundan başqa, qeyd olunan dövrdə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar 73 ədəd əlil arabası, 113 ədəd eşitmə aparatı, müxtəlif növlərdə 1270 reabilitasiya vasitəsi ilə təmin ediliblər.

Onlara məxsus 165 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir olunaraq yenidən onların istifadəsinə verilib.

Ümumilikdə cari ilin yanvar-fevral aylarında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların 4539 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təminatı həyata keçirilib. Bu dövrdə Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 75 nəfər müvafiq şəxsə reabilitasiya yönümlü xidmətlər də göstərilib.

Xəbər lenti