Xəzər Xəbər

Qeyri-neft sektorundan vergi daxilolmalarının həcmi artır

İqtisadiyyat | 15:47 • 28 Noyabr 2018
Qeyri-neft sektorundan vergi daxilolmalarının həcmi artır

Qeyri-neft sektorunun inkişafı bu sahədə vergi daxilolmalarının da artmasına səbəb olub. Belə ki, cari ilin on ayı ərzində büdcəyə daxil olmuş vergilərin 25,1 faizi dövlət, 74,9 faizi isə qeyri-dövlət sektorunun payına düşüb.


Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildirilib ki, həmin dövrdə qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə daxil olan vəsaitin həcmi 4 milyard 63,1 milyon manat təşkil edib. Qeyri-neft sektorunun qeyri-dövlət bölməsində fəaliyyət göstərən vergiödəyiciləri tərəfindən ödənilmiş vəsaitin həcmi isə 3 milyard 4,5 milyon manata bərabər olub.


Qeyri-neft daxilolmalarının həcminin artırılmasında başlıca istiqamətlərdən biri kimi vergidən yayınmaların qarşısının alınması məqsədilə nağd hesablaşmaların məhdudlaşdırılması və transfert qiymətlərinin tətbiqinə nəzarətin gücləndirilməsi, ƏDV-nin vergitutma bazasının genişləndirilməsi kimi tədbirlərin görülməsi nəzərdə tutulur. Aparılan vergi siyasəti həm də əlavə mənbələr hesabına vergi bazasının genişləndirilməsi və vergi daxilolmalarının həcminin artırılmasına hesabanıb.


Hazırda vergi qanunvericiliyində nəzərdə tutulmuş dəyişikliklərin və vergi siyasətinin əsas hədəflərindən biri sahibkarların fəaliyyətinin genişləndirilməsi, yeni istehsal, xidmət sahələrinin yaradılması və onların gəlirlərinin artırılmasından ibarətdir.


Vergi yükünün azaldılması, tətbiq olunan vergi güzəştləri və vergidən azadolmalar, eləcə də dövlətin verdiyi digər dəstək tədbirləri də qeyri-neft sektorunda çalışan sahibkarları təşviq etmək məqsədi daşıyır.

Xəbər lenti