Maliyyə Nazirliyi 2018-ci ilin altı ayında dövlət büdcəsinin icrasına (operativ) dair məlumat yayıb.
Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, 2018-ci ilin altı ayında dövlət büdcəsinin
mədaxili 9821,6 mln. manat, xərcləri 9524,3 mln. manat olub, 297,3 mln.
manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
2018-ci
ilin altı ayında dövlət büdcəsinin mədaxili 9821,6 mln. manat icra
olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz və yaxud
2096,8 mln. manat çoxdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi
tərəfindən dövlət büdcəsinə 3382,6 mln. manat vəsait daxil olub ki, bu
da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz və ya 30,0 mln. manat
çoxdur. Həmin vəsaitin 65,8 faizi və yaxud 2226,1 mln. manatı
qeyri-neft sektorundan daxilolmaların payına düşür. 2018-ci ilin altı
ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
tərəfindən dövlət büdcəsinə 1619,0 mln. manat vəsait təmin edilib ki,
bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,2 faiz və yaxud 447,8 mln.
manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların
ödənişli xidmətlərindən daxilolmaları 178,9 mln. manat təşkil edibş.
Sair daxilolmalar üzrə büdcəyə 33,1 mln. manat vəsait daxil olub.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4608,0
mln. manat vəsait transfert edilib. 2018-ci ilin aprel-iyun ayları üzrə
dövlət büdcəsinin mədaxil proqnozu 5258,2 mln. manat icra olunub ki, bu
da ötən ilin eyni dövrü ilə müqayisədə 1125,1 mln. manat və ya 27,2
faiz çoxdur.
2018-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri
9524,3 mln. manat icra olunub ki, bu da 2017-ci ilin eyni dövrü ilə
müqayisədə 16,2 faiz və ya 1330,6 mln. manat çoxdur. İqtisadi təsnifata
uyğun olaraq cari ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 38,1
faizi və ya 3625,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi
fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri)
maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 3,6 faiz və ya 125,7 mln. manat çoxdur.
2018-ci ilin
altı ayında dövlət büdcəsi xərclərinin 4948,8 mln. manatı və ya 51,9
faizi cari xərclərə, 3596,3 mln. manatı və ya 37,8 faizi əsaslı
xərclərə, 979,2 mln. manatı və ya 10,3 faizi dövlət borcuna və
öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. Cari ilin aprel-iyun
ayları üzrə dövlət büdcəsinin xərcləri 5116,3 mln. manat icra olunub ki,
bu da ötən ilin eyni dövrü ilə müqayisdə 835,3 mln. manat və ya 19,5
faiz çoxdur.
Cari ilin altı ayında icmal büdcənin gəlirləri
15100,2 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə
3492,1 mln. manat və ya 30,1 faiz çoxdur. İcmal büdcənin xərcləri isə
10843,0 mln. manat icra olunub. İcmal büdcədə 4257,2 mln. manat artıqlıq
(profisit) yaranıb.