Xəzər Xəbər

OPEC-in neftin qiymətinə dair hər hansı hədəfi yoxdur

İqtisadiyyat | 10:52 • 14 May 2018
OPEC-in neftin qiymətinə dair hər hansı hədəfi yoxdur

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neftin qiymətinə dair hər hansı hədəfi yoxdur.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC Konfransının prezidenti Suhail bin Mohammed al-Mazroui deyib.


"OPEC-ə üzv ölkələrin neft qiyməti üzrə müəyyən bir hədəfi yoxdur”, - deyə o bildirib.


ABŞ-ın İrana qarşı yenidən sanksiyalar tətbiq edəcəyi ilə bağlı qərarını şərh edən OPEC Konfransının prezidenti deyib: "Bazarda neft təklifi barədə narahat olmağa dəyməz. İranın neft istehsalı azalacağı təqdirdə bu başqa yolla kompensasiya edilə bilər”.


OPEC-in növbəti konfransında neft ehtiyatlarını hədəflənən səviyyəsinin müzakirə olunacağını deyən nazir əlavə edib: "Növbəti yığıncaqda lazımi neft ehtiyatının hansı səviyyədə olmasını müzakirə edəcəyik”.


O, 2019-2020-ci illərdə neft investisiyalarının həcmi barədə narahat olduğunu da ifadə edib.


Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

Xəbər lenti

Çox oxunanlar