Azərbaycan Neft İxrac edən Ölkələr
Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən
neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini
sentyabr ayında da yerinə yetirib.
Energetika Nazirliyindən
XəzərXəbər-ə verilən məlumata görə, nazirlik Azərbaycanın cari ilin sentyabr ayı
ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq
Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Həmin
məlumatlara əsasən, cari ilin sentyabr ayında respublika üzrə gündəlik
neft hasilatı 785,7 min barrel olub. Bunun 733 min barrelini xam neft,
52,7 min barrelini kondensat təşkil edib. Gündəlik 627 min barrel xam
neft, 52,7 min barrel kondensat, 19,3 min barrel isə neft məhsulları
ixrac edilib.
Respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min
barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə
781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel,
iyulda 796,7 min barrel, avqustda isə 734,8 min barrel olub. OPEC
tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər
iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən
ölkə kimi qiymətləndirilib.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft
hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə
endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC
üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi
hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.
Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində
OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının
azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün
sonunadək uzadılması barədə razılıq əldə olunub.