Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 iyulda yeni hərrac keçiriləcək.
Komitədən XəzərXəbər-ə
verilən məlumata görə, hərraca ümumilikdə 206 əmlak çıxarılıb ki, bunun
20-si səhmdar cəmiyyəti, 85-i kiçik dövlət müəssisə və obyekti, 100-ü
istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikilidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə,
qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklar
paytaxtın Qaradağ, Nərimanov, Sabunçu və digər rayonları, həmçinin Lənkəran, Astara, Şamaxı, Oğuz, Göygöl
və digər şəhər və ya rayonlarda yerləşir. Hərracda ən yüksək qiymət
paytaxtın Nəsimi rayonunda yerləşən və ümumi faydalı sahəsi 255,5
kvadratmetr, torpaq sahəsi isə 474,8 kvadratmetr olan qeyri-yaşayış
obyektinə təyin olunub. Adıçəkilən əmlak 312 min manata təklif olunur.
Səbayel rayonunda yerləşən qeyri-yaşayış obyekti 225 min manat, Qaradağ
rayonunda yerləşən 22 saylı avtodayanacaq isə 216 min manat start
qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə çıxarılan dövlət
müəssisələri və kiçik obyektləri sırasında Qoxmuq istirahət zonası,
mağazalar, yanacaqdoldurma məntəqələri, yeməkxanalar, Təsərrüfat hesablı
Göygöl Aqrar Sənaye Kombinatı kimi əmlaklar var.
Budəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar,
nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir.
Hərraca çıxarılan iri müəssisələr sırasında "Tərtər Konserv”, "Sumqayıt Kimya Tikinti”, "Kürdəmir Kəndkimya Təchizat”, "Salyan Reproduktor Quşçuluq”, "Azərmetalinvest”, "Azinterservis” kimi müəssisələr var.
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi
üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək
və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd
edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü
qalanadək verilməlidir.
Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma özəlləşdirmə portalı
ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin "facebook”
sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi
vasitəsilə aparılır. Bundan əlavə, komitənin özəlləşdirmə portalında
onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə
suallar cavablandırılır.