Xəzər Xəbər

Azərbaycan Premyer Liqası: “Qəbələ və “Neftçi” qələbə qazanıblar

İdman | 10:43 • 26 Noyabr 2017
Azərbaycan Premyer Liqası: “Qəbələ və “Neftçi” qələbə qazanıblar

Noyabrın 25-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turuna start verilib.

İki günü əhatə edəcək turun açılış matçında "Qəbələ” komandası Gəncənin "Kəpəz” klubunu səfərdə böyük hesabla məğlub edib - 6:1.

Gəncə şəhər stadionunda keçirilən oyunda "Qəbələ”dən Baqali Dabo və Famussa Kone dubl ediblər. Digər iki qolun müəllifləri isə Stiven Jozef-Monroz və Ruslan Qurbanov olublar. Meydan sahiblərinin yeganə qolunu Kərim Diniyev 11 metrlik cərimə zərbəsindən vurub.

Bununla da "Kəpəz” yeni baş məşqçi Yunis Hüseynovun rəhbərliyi altında debüt matçında ağır məğlubiyyətə uğrayıb. Bu oyun Roman Qriqorçukun baş məşqçi olduğu komandanın cari mövsümdə ən böyük hesablı qələbəsidir. Baqali Dabo 26-cı saniyədə fərqlənməklə Azərbaycan Premyer Liqasında 2017-2018-ci il mövsümünün ən erkən qoluna imza atıb.

Bu qələbədən sonra xallarının sayını 28-ə çatdıran qəbələlilər çempionatda ikinci pilləyə yüksəlib. Gəncə təmsilçisi yeddi xalla sonuncu yerdədir.

Günün ikinci görüşündə paytaxtın "Neftçi” və "Keşlə” klubları "Bakcell Arenada” qarşılaşıblar. Tərlan Əhmədovun baş məşqçisi olduğu "Neftçi” qələbə qazanıb – 3:1. Bununla da xallarının sayını 16-ya çatdıran "Neftçi” dördüncü pilləyə yüksəlib. "Keşlə” isə çempionatda onuncu dəfə məğlub olub.

Turun ikinci günündə noyabrın 26-da "Sumqayıt” və "Səbail” klubları üz-üzə gələcəklər. Həmin turun sonuncu qarşılaşmasında "Qarabağ” səfərdə "Zirə”nin qonağı olacaq.

Qeyd edək ki, turnir cədvəlinə 28 xalla "Qarabağ” başçılıq edir. Eyni xala malik "Qəbələ” klubu ikinci pillədədir. İlk üçlükdə isə 27 xalla "Zirə” qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq "Neftçi” (16 xal), "Sumqayıt” (16), "Səbail” (12), "Keşlə” (8) və "Kəpəz” (7) yer alıblar.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti