Xəzər Xəbər

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıb

Hadisə | 09:02 • 22 Yanvar 2023
Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan dörd nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakinləri Rövşən Məmmədov və Mansur Mikayılov saxlanılıblar. Həmin şəxslərin üstlərinə keçirilən baxış zamanı onların hər birindən narkotik vasitə olan heroin aşkar edilib.

Dindirilmə zamanı R.Məmmədov narkotik maddəni tanışı Ayaz adlı şəxsdən, M.Mikayılov isə Ramil adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini, əvvəllər məhkum olunmuş Ayaz Qəribov saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxs də izahatında satış üçün əldə etdiyi narkotik maddəni tanışı Ramildən aldığını etiraf edib.

Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə A.Qəribov və M.Mikayılova narkotik vasitələri satan Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Məmmədov da saxlanılıb. İlkin dindirilmə zamanı həmin şəxs rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Xəbər lenti