Martın 15-də DİN-in
"102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən
birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN-dən XəzərXəbər-ə bildirilib ki, məlumatla əlaqədar dərhal Yasamal Rayon Polis İdarəsinin
27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata
keçirilib.
Araşdırmalarla rayonun Z.Əhmədbəyov küçəsində kirayədə yaşayan əcnəbi vətəndaşın mənzilindən içərisində 5000 manat və 5000 ABŞ dolları olan pulqabısının oğurlandığı məlum olub.
Bakı
Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 27-ci Polis
Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış
tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa
müddətdə müəyyən edilib və onlar "isti izlər”lə saxlanılıblar.
Araşdırmalarla onların Lənkəran rayon sakinləri Elvin Səmədov və bacısı Gülər olduqları müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.