İyulun 31-də Sumqayıtın 10-cu mikrorayon ərazisində quduz it 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişləyib.
Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev bildirib ki, it uşağın başından dişləyib, hazırda azyaşlı ölümcül vəziyyətdədir.
"Ailəsi qızı Sumqayıt
şəhər Travmatologiya Xəstəxanasına gətirib. Gətirilən kimi müəyyən
olunmuş dozada uşağa 2 dəfə vaksin vurulub. 4 gün xəstəxananın uşaq
şöbəsində qalıb, sonra valideynləri evə aparıb. Evdə təzədən vəziyyəti
gərginləşdiyi üçün yenidən xəstəxanaya müraciət ediblər. Onu Bakı
şəhər 1 saylı Uşaq İnfeksion Xəstəxanasına göndəriblər. Orada daha bir
vaksin vurulub. Buna baxmayaraq uşağın vəziyyəti ağırdır”.
N.Baxşəliyev bildirib ki, azyaşlı qızın sağalma ehtimalı yoxdur:
"Hazırda uşağın vəziyyəti pisdir, quduzluğun fobiyası dövründədir. Bu
məsələ Tibbi Şurada müzakirə olunub. Vaksinin seriyasına baxmışam. Necə
olub ki, vaxtında vaksin vurulub, amma heç bir köməyi olmayıb. Müxtəlif
versiyalar var. Ola bilsin ki, uşağı keçmişdə it tutub, haçansa belə
hadisə olub və ikinci dəfə it başından dişləyəndə həkimə gətiriblər.
Digər ehtimal vaksinin keyfiyyətinin aşağı olmasıdır, çünki vaksin
şüşədə hazırlanır. Həmçinin ehtimal olunur ki, onun immuniteti aşağıdır,
kəskin hemoqlobin azlığı olub. Müqavimət aşağı olanda isə virus ildirim
sürəti ilə yayılır. Bu məsələ ətraflı epidiomoloji araşdırma tələb
edir. Baş pediatra bildirmişəm ki, ciddi araşdırma aparılsın. Hadisə
dəqiqliklə araşdırılmalıdır ki, virus niyə sürətlə yayılıb, axı vaksin
vaxtında vurulub”.
N.Baxşəliyev bildirib ki, həmin gün 10 və 11-ci mikrorayon ərazisində 10
nəfəri it dişəyib: "Onların hamısına vaksin vurulub, heç birində
quduzluq əlaməti yoxdur. Yalnız bu uşaqda ağırlaşma olub. İti isə artıq
necə gündür tapa bilmirlər. Lazımi qurumlara tələb xarakterli məlumat
verilib. Lakin heç bir iş görülməyib. Küçədə itlər insanları parçalayır.
Ya bu itləri yığışdırın, ya da nəsə edin. İt insandan dəyərli olub.
Ayda 4-5 nəfəri it parçalıyr və tədbir görülmür. Qalmışıq bu itlərin
əlində”./azvision.az