Xəzər Xəbər

Azərbaycanın 16 vətəndaşı Suriyadan ölkəmizə repatriasiya olunub

Gündəm | 23:45 • 24 Noyabr 2022
Azərbaycanın 16 vətəndaşı Suriyadan ölkəmizə repatriasiya olunub

Noyabrın 24-də Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 16 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən xezerxeber.az-a bildirilib ki, 13 nəfəri uşaq və 3 nəfəri qadın olan repatriantların ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində baş tutub. Onların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edildikdən sonra Türkiyə Respublikası ərazisindən tranzit keçidinə nail olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam olunub, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin edilib.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin edilib. Noyabrın 24-də isə nümayəndə heyətinin müşayiətilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, bu günədək İraq və Suriyadan 380 uşaq və 29 qadın olmaqla cəmi 409 nəfər vətəndaşımızın Azərbaycana repatriasiyası həyata keçirilib.

Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində xarici ölkələrdə çətin vəziyyətə düşmüş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyasına dair zəruri tədbirləri gələcəkdə davam etdirəcək.

Xəbər lenti