Xəzər Xəbər

"Omikron"la "Delta"nı ayırd etmək mümkün deyil - Baş infeksionistdən İLGİNC AÇIQLAMA

Gündəm | 13:15 • 14 Yanvar 2022
"Omikron"la "Delta"nı ayırd etmək mümkün deyil - Baş infeksionistdən İLGİNC AÇIQLAMA

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov yeni yayılan “omikron” ştamı ilə bağlı medianın suallarını cavablandırıb.

XəzərXəbər T.Eyvazovun müsahibəsini təqdim edir:

- Koronavirusun yeni variantı olan “omikron” ştamı haqqında nə məlumdur? Yeni ştamın digər mutasiyalardan fərqləri hansılardır?

- Koronavirus infeksiyasının “omikron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün). Həmçinin yeni ştam yüksək yoluxucudur. Belə ki, o, artıq bir sıra ölkələrdə “delta” ştamını sıxışdıraraq qısa müddət ərzində dominant ştama çevrildiyi müşahidə olunur. Sürətlə yayılan “omicron” ştamı əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafı daha az rast gəlir, proses əsasən yuxarı tənəffüs yollarında yerləşir.

- “Omicron” ştamına yoluxduğu halda bədənin bərpası üçün nə qədər vaxt lazımdır? 

- Başqa mutasiyalardan fərqli olaraq, sağalma əksər hallarda daha tez baş verir. “Omikron” və təkrar xəstələnmə hallarından mövcud immuniteti (xəstələnmə və ya vaksinasiya nəticəsində əldə edilmiş) güclü olanlar şəxslər daha çox yayına bilir. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına daha az rast gəlinir (qorunmaq səviyyəsinin artırılması üçün buster doza tələb olunur)

- “Omikron” ştamı necə aşkarlanır?

- COVID-19-un bir variantı olduğu üçün ənənəvi PZR burun-udlaq yaxma testləri virusu aşkar edilir. Lakin aşkarlanmış koronavirusun “omikron” ştamı olmasını daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən olunur.

- “Omikron” ştamının spesifik simptomları hansılardır? 

- Yeni ştamın spesifik simptomları yoxdur. Xəstəlik daha çox digər respirator virus infeksiyalarını xatırladır (əsasən subfebril hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissi, quru öskürək, burun axması və ya tıxanması, bəzən mədə-bağırsaq əlamətləri -ürəkbulanma, qusma və s). Dad və iybilmənin itirilməsi daha az rast gəlinir. İndi “omicron” və “delta” olan xəstələri ayırd etmək klinik cəhətdən demək olar ki, mümkün deyil.

- Özünüzü və yaxınlarımızı COVID-19-un yeni mutasiyasından necə qorumalıyıq?

- Yayılan yeni ştamnan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir.Qorunmaq yolları isə eynidir: maska geymək, insanların sıx toplaşdığı məkanlara getməmək, məsafə gözləmək, əl və respirator gigiyena qaydalarına ciddi əməl etmək.

- Sizdə koronavirusun omikron variantının əlamətlərinin olduğunu düşünürsünüzsə, nə etməli? 

- Hər bir şəxs məsuliyyətli olmalıdır. Özündə bu əlamətləri hiss etdikdə ilk növbədə özünü təcris etməli, təmaslarını azaltmalı, o cümlədən ailə üzvləri ilə, özü maska geyərək bunu digər ailə üzvlərindən də tələb etməli, sonra həkimə müraciət etməlidir. Valideynlər uşaqlarına qarşı diqqətli olmalı, onlarda xəstəliyin əlamətlərinin olmasını vaxtında aşkarlamalı. Xəstə uşağı evdə təcrid edərək bağçaya və ya məktəbə buraxmamalıdır. Eyni zamanda, vətəndaşlar vaksinasiyada aktiv iştirak etməli və buster dozanı göstərişə uyğun almalıdır.

Xəbər lenti

Çox oxunanlar