Xəzər Xəbər

Bakı metrosunda daha bir YENİLİK

Gündəm | 11:44 • 29 İyun 2020
Bakı metrosunda daha bir

Bu ayın əvvəlində Rusiyadan gətirilərək, Bakı metropoliteninin vaqon parkına əlavə edilmiş daha dörd yeni qatardan ikisi artıq xətdə buraxılıb.

Bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, yeni vaqonlar məhz "Bakı Metropoliteni”nin texniki tələblərinə uyğun istehsal olunub:

"Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisionerlər avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Bu sistem, eləcə də ultrabənövşəyi lampalar vaqon salonunda havanın zərərsizləşdirilməsi funksiyasını da yerinə yetirir. Həmçinin, tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırmaqla, havanın salonlarda bərabər paylanmasına xidmət edir. Texniki tələblər sırasında paytaxtın yeraltı yollarının ağır hidrogeoloji şəraiti, eləcə də "Bakı Metropoliteni”nin mürəkkəb xüsusiyyətlərini nəzərə alan konstruktiv dəyişikliklər edilib. Qatar tərkibinin bütün vaqonları dartı mühərriki ilə təmin olunmaqla yanaşı, burada qəza, sürüşmə, yanğın əleyhinə ən müasir sistemlər qurulub.

Vaqonlarda daxili və xarici videomüşahidə sistemləri də var. Bu, maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə, ətrafındakı vəziyyəti qiymətləndirməyə imkan verir. Sahəsi genişləndirilmiş maşinist kabinası sürücünün sayıqlığına nəzarət edən texniki vasitələr və intellektual dəstək sistemləri ilə təchiz edilib. Qatarda, həmçinin məlumatın yığılması, saxlanması və maşinist monitoruna ötürülməsini nəzərdə tutan özünüdiaqnostika sistemi tətbiq edilib”.


Xəbər lenti

Çox oxunanlar