Xəzər Xəbər

Bakıda kibertəhlükəsizlik məsələlərinə dair konfrans keçirilir - FOTO

Gündəm | 10:37 • 7 Noyabr 2017
Bakıda kibertəhlükəsizlik məsələlərinə dair konfrans keçirilir -

Noyabrın 7-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (CERT) "Gələcək təhlükələrin aşkar edilməsi” adlı IX beynəlxalq illik konfransı işə başlayıb.

Xezerxeber.az məlumat verir ki, tədbirin təşkilatçısı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, yerli tərəfdaşları "Delta Telecom LTD” MMM və "Azinfosec”, xarici tərəfdaşları isə "May Cyer Technology”, "THALES” və "Videntifier” şirkətləridir. Tədbirin akademik dəstəkçisi ADA Universitetidir. Konfransda İƏT-ə üzv olan 21, üzv olmayan 11 ölkədən nümayəndələr iştirak edirlər.

Dörd gün davam edəcək konfransda yeni nəsil kibertəhdidlər, gizli kiberindikatorların işlənilməsi, əşyaların interneti, kibercinayətkarlıqda yeni trendlər, informasiya itkisinə səbəb olan boşluqlar və sair mövzularda müzakirələr aparılacaq. Müzakirələrlə yanaşı, konfrans çərçivəsində keçiriləcək praktiki təlimlərdə kibersimulyasiyalar vasitəsilə təhdidlərin analizi və onlardan qorunma yollarının nümayişi planlaşdırılır.

Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi general-leytenant Mürsəl Vəliyev konfransın əhəmiyyətini qeyd edərək qloballaşan dünyada kiberhücumların böyük risklər yaratdığını deyib. Azərbaycan Prezidentinin kibertəhlükəsizlik sahəsinə olan böyük diqqət və qayğısını xüsusi qeyd edən Mürsəl Vəliyev informasiya təhlükəsizliyinin ölkədə ən prioritet məsələlərdən biri olduğunu bildirib. Heç bir sərhəd tanımayan kibertəhdidlərə qarşı mübarizədə ölkələrin fərdi fəaliyyətinin səmərəlilik baxımından yetərsiz olduğunu vurğulayan general-leytenant dünya CERT mərkəzlərinin beynəlxalq səviyyədə əməkdaşlığını, o cümlədən İslam ölkələri CERT-lərinin birgə fəaliyyətini yüksək qiymətləndirib. Agentliyin rəisi, həmçinin qarşılıqlı əməkdaşlıq çərçivəsində səyləri birləşdirmək və bu sahədə təcrübə mübadiləsi aparmaqla qlobal və regional kibertəhdidlərlə mübarizədə daha böyük uğurlar əldə etməyin mümkün olduğunu qeyd edib.

Tədbirin Bakı şəhərində keçirilməsi təşəbbüsünün irəli sürülməsinə görə İƏT-CERT-in İdarə Heyətinə təşəkkürünü bildirən Mürsəl Vəliyev Beynəlxalq CERT təşkilatlarının illik konfranslarının hər il fərqli ölkələrdə keçirilməsinin həmin regionlarda müvafiq sahələrin inkişafına və informasiya təhlükəsizliyi məsələlərinə diqqətin daha çox ayrılmasına öz töhfəsini verəcəyini söyləyib. Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini bildirib ki, Azərbaycan CERT-in idarə heyətinin üzvü kimi kibertəhlükəsizlik sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və bundan sonra da bu istiqamətdə səylərini əsirgəməyəcək.

Konfransın açılış mərasimində İƏT-CERT-in rəhbəri Badar Əli Səid Əl Salehi, İƏT-in İT Departamentinin direktoru Vəcdi Əlquliti və digərləri çıxış ediblər.

Xəbər lenti