"Naxçıvan Muxtar
Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə
həsr olunmuş hərbi parad yüksək səviyyədə keçdi. Paradda ən müasir
silahlar və texnikalar nümayiş olundu. Bunların hamısı Naxçıvan Muxtar
Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun sahib olduğu müasir
silahlar və texnikalarıdır"
XəzərXəbər AzərTAc-a
istinadən xəbər verir ki, bu fikirləri oktyabrın 18-də Naxçıvan
şəhərində keçirilən paraddan sonra mətbuat nümayəndələrinə açıqlama
verən Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir
Həsənov bildirib.
Nazir deyib ki, Naxçıvan Muxtar
Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilib və Əlahiddə
Ümumqoşun Ordusu qarşıya qoyulan bütün vəzifələri yerinə yetirməyə
hazırdır, buna tam qadirdir.
Zakir Həsənov deyib: "Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev
Naxçıvanın müdafiə potensialının daim gücləndirilməsinə xüsusi diqqət
yetirir. O da məlumdur ki, Ali Baş Komandanın son illər ordu quruculuğu
sahəsində həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri
bölgənin ən qüdrətli ordusuna çevrilib. Bu gün beynəlxalq araşdırma
mərkəzləri dünyanın ən güclü ordularının siyahısını tərtib edərkən
Azərbaycan Ordusuna da xüsusi diqqət ayırırlar. Bir sıra ölkələrin yer
aldığı reytinq siyahısında Azərbaycan Ordusu layiqli yerini tutur”.
Reytinq
siyahısı müəyyənləşdirilərkən çox mühüm məsələlərin, xüsusən, orduların
döyüş hazırlığı səviyyəsinin nəzərə alındığını qeyd edən müdafiə naziri
vurğulayıb ki, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı,
nizam-intizamı və vətənpərvərliyi xüsusi qeyd olunur.
Nazir bildirib ki, bu il keçirilən təlimlərdə Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusu Silahlı Qüvvələrdə
döyüş hazırlığına, nizam-intizamına görə birinci yeri tutub. Bu da onu
göstərir ki, Ali Baş Komandanın bütün tapşırıqları burada dəqiqliklə
yerinə yetirilir.
"Naxçıvanda dəfələrlə döyüş atışlı təlimlər keçirilib. Bu təlimlərdə qardaş Türkiyə Respublikasının Silahlı Qüvvələrinin
bölmələri də iştirak ediblər. Ötən günlərdə Tbilisidə Gürcüstan,
Türkiyə və Azərbaycan müdafiə nazirlərinin üçtərəfli görüşü olub. Həmin
görüşdə plana uyğun olaraq ikitərəfli və üçtərəfli hərbi təlimlərin
keçirilməsi barədə razılıq əldə edilib. Bütün bunlar yaxın vaxtlarda
icra olunacaq”, - deyə Zakir Həsənov deyib.