Əmlak Məsələləri Dövlət
Komitəsinin 3 xidməti elektronlaşdırılaraq "Elektron hökumət" portalına
(www.e-gov.az) inteqrasiya edildi. Bununla da, Əmlak Məsələləri Dövlət
Komitəsinin "Elektron hökumət” portalı üzərindən təqdim olunan
xidmətlərinin sayı 35-ə çatdı.
XəzərXəbər xəbər verir ki, Komitənin, "Çoxmərtəbəli yaşayış binasında daşınmaz
əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə
məlumatların verilməsi”, "Mənzillərin alqı-satqı müqavilələri üzrə satış
qiymətləri barədə məlumatların verilməsi”, "AzPOS sisteminə qoşulmaq
üçün müraciətin və sənədlərin qəbulu” adlı xidmətlərindən artıq
"Elektron hökumət" portalında - www.e-gov.az istifadə etmək olar.
Qeyd
olunan "Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət
reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların
verilməsi” xidməti vasitəsilə vətəndaş ölkə üzrə şəhər, rayon, qəsəbə və
ya kənd, küçənin adını, həmçinin tikinti şirkətinin adını qeyd etməklə
mənzillərin dövlət reyestrindən çıxarışının mövcud olub olmadığı haqda
məlumat əldə edə bilər.
"Mənzillərin alqı-satqı müqavilələri üzrə
satış qiymətləri barədə məlumatların verilməsi” xidməti üzrə də
vətəndaş ölkə üzrə ünvanı göstərməklə həmin ərazi üzrə mənzillərin
alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatları ala
bilər. Qeyd edək ki, hər iki xidmət üçün ödəniş tələb olunur.
İstənilən
ərazidə çöl-ölçmə işlərini aparmaq və ərazinin koordinatlarını müəyyən
etmək istəyən qurum AZPOS vasitəsilə göstərilən xidmətlərdən yararlanmaq
imkanına malikdir.
Portala inteqrasiya olunan üçüncü xidmət AZPOS sisteminə qoşulma üçün müraciəti və sənədlərin qəbulunu ehtiva edir.
Qeyd edək ki, AZPOS (Azerbaijan Positioning Observation System) Azərbaycan
Respublikası ərazisində geodeziya-ölçü işlərində tətbiq olunan yüksək
dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən
informasiya sistemidir.