"Xəzər dənizinin Azərbaycana mənsub
bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq
və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının
alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış
əməliyyatları keçirməklə terrorçu qrupların zərərsizləşdirilməsi və
dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda taktiki təlim
keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən
XəzərXəbər-ə verilən məlumata görə, itisürətli və yüksək üzmə qabiliyyətinə malik,
mükəmməl naviqasiya və radiotexniki avadanlıqlarla, müasir silahlarla
təchiz edilən sərhəd gözətçi gəmiləri taktiki təlimdə yüksək manevr
imkanları və döyüş qabiliyyəti nümayiş etdiriblər.
Taktiki təlimin əsas məqsədi Xəzər
dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin
təşkili və döyüş əməliyyatlarının aparılması zamanı Dövlət Sərhəd
Xidmətinin silahlı birləşmələrinin döyüş hazırlığının yüksəldilməsi,
qarşılıqlı fəaliyyətdə komandir heyətinin idarəetmə bacarığının inkişaf
etdirilməsi, dənizdə sərhəd axtarışının aparılması, helikopterlərin və
gəmilərin raket-artilleriya qurğularından atışların keçirilməsi üzrə
praktiki vərdişlərin təkmilləşdirilməsi olub.
Üç mərhələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə neft-qazçıxarma
rayonlarının, platformaların, ixrac boru kəmərlərinin mühafizəsi və
müdafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və
Çevik Hərəkət Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şəraitə
keçirilməsi və birgə axtarış əməliyyatlarının aparılması, sorğuya cavab
verməyərək ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq
atəşinin açılması, havadan çevik qrupun helikopter vasitəsilə gəmiyə
desantlaşdırılması, gəmidə şərti düşmənin terror-təxribat qrupunun
zərərsizləşdirilməsi, dayandırılmış gəmiyə təlim keçmiş xidməti itlər və
xüsusi axtarış vasitələri ilə baxış keçirilməsi, kütləvi qırğın
silahlarının komponentlərinin və narkotik vasitələrin aşkar edilməsi
kimi təlim tapşırıqları uğurla icra olunub.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin,
Çevik Hərəkət Qüvvələrinin helikopterlərinin raket kompleksləri və
zenit-artilleriya qurğularından suüstü, sahil və hava hədəflərinə döyüş
atışları müvəffəqiyyətlə həyata keçirilmiş, neft platforması rayonunda
kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş aparatının və
tələblərə tabe olmayan üzmə vasitəsinin, şərti düşmənin sualtı təxribat
qruplarının və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının
aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra
edilib.
Təlimdə qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət
möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev
təlimlərin uğurlu yekunu və yüksək nəticələr münasibətilə şəxsi heyəti
təbrik edib, Xəzər dənizində dövlət sərhədlərinin etibarlı
mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz
hasilatı və daşınması infrastrukturunun təhlükəsizliyinin təmin
edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələrindən biri olmasını
vurğulayıb, Xəzər dənizində sərhəd mühafizə imkanlarının
təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının daha da artırılması
üzrə tapşırıqlar verib.