Prezident İlham Əliyev "İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli
765-VQ nömrəli qanununun tətbiqi barədə fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "İşsizlikdən sığorta haqqında” qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etməli, həmin qanunun pozulmasına görə məsuliyyət
müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat verməli, aşağıdakı normativ hüquqi
aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
verməlidir.
Həmin qanunun 8-ci maddəsinə uyğun olaraq, sığortaolunanların və
sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı
qaydasını, həmin qanunun 17.8-ci maddəsinə uyğun olaraq, fərdi məşğulluq
proqramının yerinə yetirilməsi qaydasını və hesabatın formasını, həmin
qanunun 17.9-cu maddəsinə uyğun olaraq, sığorta ödənişinin verilməsi
qaydasını, həmin qanunun 18.0.7-ci maddəsinə uyğun olaraq, sığorta
ödənişini alan şəxsin işsiz kimi qeydiyyata alınma və ya yenidən
qeydiyyata alınma şərtlərinin və müddətlərinin müəyyən edilməsi
qaydasını, həmin qanunun 19.0.2.6-cı maddəsinə uyğun olaraq,
sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi qaydasını, həmin
qanunun 22.2-ci maddəsinə uyğun olaraq, işsizlikdən sığorta
vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması
qaydasını.
Nazirlər Kabinetinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat vermək, qanundan irəli gələn digər məsələləri həll
etmək tapşırılıb.
Müəyyən edilib ki, "İşsizlikdən sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun 16-cı və 21.0.5-ci maddələrində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Prezidenti həyata keçirir; həmin qanunun 8-ci, 17.8-ci, 17.9-cu,
18.0.7-ci, 19.0.2.6-cı və 22.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti həyata
keçirir; həmin Qanunun 2.0.5-ci, 5.1.6-cı, 13.1-ci, 17.2-ci, 18.0.6-cı,
19.0.3-cü maddələrində, 17.1-ci və 17.7-ci maddələrinin birinci və
ikinci cümlələrində, 23-cü maddəsinin adında və birinci cümləsində
(birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata
keçirir; həmin Qanunun 14.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra
hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Statistika Komitəsi həyata
keçirir; həmin Qanunun 20.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra
hakimiyyəti orqanının səlahiyyətlərini Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi Azərbaycan Prezidenti ilə razılaşdırmaqla həyata
keçirir; həmin Qanunun 23-cü maddəsinin ikinci cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin
orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının
Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan
Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər
İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb
Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan
Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinə münasibətdə) həyata
keçirirlər; həmin Qanunun 23-cü maddəsinin birinci cümləsində (ikinci
halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının
səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirirlər; həmin
Qanunun 10.2-ci maddəsində və 22.1-ci maddəsinin birinci cümləsində
"müvafiq icra hakimiyyəti orqanı” dedikdə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu qismində Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur; həmin Qanunun
19.0.5-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı” dedikdə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti
qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
həmin Qanunun 23-cü maddəsinin birinci cümləsində "müvafiq icra
hakimiyyəti orqanının işçiləri” dedikdə Prezident Administrasiyasında,
Azərbaycan Prezidentinin İşlər İdarəsində və Azərbaycan Prezidentinin
Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri nəzərdə tutulurlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki,
"İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci
maddəsinin ikinci cümləsinə uyğun olaraq, ərizənin formasını və ərizəyə
əlavə olunan sənədlərin siyahısını üç ay müddətində təsdiq edib, həmin
normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin; həmin Qanunun 20.2-ci maddəsinə uyğun olaraq,
işsizlikdən sığorta fondunun hər il üçün büdcəsinin "Büdcə sistemi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada
hazırlanıb təqdim edilməsini təmin etsin.