İsveçdə qəbul olunmuş yeni qaydalara görə, 1-9-cu sinif şagirdlərinə həm dərs zamanı, həm də tənəffüslərdə mobil qurğulardan istifadə etmək qadağan olunacaq.
İsveçin əmək bazarı və inteqrasiya naziri, həmçinin Liberal Partiyasının lideri Yohan Person bu məsələ ilə bağlı deyib: “Bu qərar mədəni dəyişikliklər fonunda irəliyə doğru atılmış mühüm addımdır. Biz tənəffüslərdə fəallığı artırmalı, təhsilin keyfiyyətini yaxşılaşdırmalı və məktəblərdə bilik əldə edilməsinə çalışmalıyıq. Bu, bütün ölkə üzrə normaya çevrilməlidir”.
Person hesab edir ki, məktəb qanunları sərtləşdirilməlidir. Direktorlar mobil telefon qadağasına fərdi istisnalar barədə qərar verə bilməlidirlər. Təcrübədə mobil telefonlar səhər saatlarında toplanmalı və dərs günü bitdikdən sonra geri qaytarılmalıdır; onlar bir növ “telefon mehmanxanasında” qalmalıdır. Nazir qeyd edir ki, onun öz övladları da bu “təcrübə”dən təsirlənib, məktəbdə telefonlardan çox sərbəst istifadə olunub və bunun heç bir faydası olmayıb.
Keçən il məktəb qanununa dəyişiklik edilib və müəyyən olunub ki, cib telefonları sinifdə yalnız müəllimin göstərişi ilə istifadə oluna bilər. Höteborq Universitetində 2022-ci ildə yazılmış tezisə görə, qanun problemlidir, çünki tələbələr məktəb işləri üçün mobil telefona ehtiyac duyurlar və hələ də onu sinfə sızdırmaq üçün yollar tapırlar.
Personun zənnincə, artıq mobil cihazlara qadağa qoyan direktorlar uğur qazanıblar. O əlavə edib: “Bu, ən azı PİSA-2022 nəticələrinin fonunda tamamilə zəruridir. Mobil telefon qadağası mümkün qədər tez qüvvəyə minməlidir, lakin ilk olaraq təklifin hazırlanması təxminən bir il çəkəcək”. (AZƏRTAC)