Xəzər Xəbər

Ərdoğan: Türk İnvestisiya Fondu qardaş ölkələrimizin iqtisadi birliyinə töhfə verəcək

Dünya | 22:31 • 16 Mart 2023
Ərdoğan: Türk İnvestisiya Fondu qardaş ölkələrimizin iqtisadi birliyinə töhfə verəcək

Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma Zirvə görüşümüzün konkret nailiyyətlərindən biridir. Fond qardaş ölkələrimizin iqtisadi birliyinin möhkəmlənməsinə töhfə verəcək.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Rəcəb Tayyib Ərdoğan Sammitdə üzv ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasının və növbəti Zirvə görüşünə qədər Türk Dövlətləri Təşkilatı mülki müdafiə mexanizminin yaradılmasının qərara alındığını diqqətə çatdırıb.

Mövcud və gələcəkdə yaşana biləcək çətinliklərin dəf edilməsi üçün üzv ölkələrin həmrəyliyinin gücləndirilməsinin önəmini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib: “Bunun üçün Türk Dövlətləri Təşkilatının imkanlarını artırmalıyıq. Tarixi, mədəni və humanitar dəyərlərə söykənməyən qurumların yerində saydığı bir dövrdə Türk Dövlətləri Təşkilatı yeni güc mərkəzinə çevrilməkdədir”.

Xəbər lenti