Yay istirahəti dövrünün başlanması və tədris mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək.
Xezerxeber.az Bakı Metropoliteninə istinadən xəbər verir ki, iyun ayının 20-dən yeni tədris mövsümü başlanana qədər metropolitendə iş və qeyri-iş günlərində iki fərqli iş qrafiki tətbiq ediləcək.
Sərnişin axını və istiqamətləri, eləcə də sərnişindaşımanın tənzimlənməsinə təsir göstərən digər amillər nəzərə alınacaq. Bu məqsədlə monitorinqlər gün ərzində davam etdirilməklə, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq. Stansiyaların sərnişindaşıma prosesinə cəlb edilən qurğu və avadanlıqlarının, o cümlədən eskalatorların iş rejimi diqqətdə saxlanılmaqla, zəruri olan tənzimləmələr nəzərə alınacaq.
Xətlərin “28 May” stansiyasında birləşməsi, iki xəttin cəmi bir elektrik deposunun olması və onun xəttin sonunda yerləşməməsi səbəbilə günün müəyyən vaxtlarında sərnişinlər “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və yaxud “İçərişəhər” istiqamətində hərəkətini müşahidə edə bilər. Bununla yanaşı, qatarların texniki qulluq məqsədilə “Nərimanov” stansiyasından elektrik deposuna yola salınması və həmçinin “Bakmil” stansiyasından xəttə daxil olması ilə əlaqədar “Ulduz-Həzi Aslanov” sahəsində intervallar daha çox ola bilər.
İyun ayının 20-də “Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi saytının müvafiq bölməsində dərc olunacaq.
Yeni tədris mövsümünün əvvəlində Bakı metropolitenində payız-qış qrafikinin tətbiqinə başlanılacaq