Xəzər Xəbər

Mütəxəssis: Bronxoektatik xəstəlik anadangəlmə və qazanılmış olur

Cəmiyyət | 13:12 • 12 Fevral 2024
Mütəxəssis: Bronxoektatik xəstəlik anadangəlmə və qazanılmış olur

“Bronxoektatik xəstəlik – patoloji genişlənmiş və deformasiyaya uğramış bronxların xroniki geridönməz irinli iltihabı xəstəliyidir. Bu problemin təsnifatı müxtəlif kriteriyalara görə aparılır. Belə ki, etiologiyasına görə xəstəlik birincili, yəni anadangəlmə və ikincili, sonradan qazanılmış olur. Eyni zamanda, quruluşuna görə silindrik, torbavari və qarışıq, yayılmasına görə isə tək-tək və çoxsaylı ola bilər”.

Xezerxeber.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri İlqar Mustafayev deyib.

Onun sözlərinə görə, bronxoektatik xəstəlik kliniki gedişinə görə bronxitik mərhələ, əhəmiyyətli dəyişikliklər mərhələsi, fəsadlar mərhələsinə bölünür: “Bronxların genişlənməsi və bronxial möhtəviyatın evakuasiyasının ləngiməsi iltihabın inkişafına təkan verir. Bronxların divarında baş verən geridönməz dəyişikliklər bronxoektaziyа ilə nəticələnir. Bronxoektaziya əsasən kiçik bronxlarda inkişaf edir”.

Mütəxəssis bronxoektatik xəstəliyin anadangəlmə və qazanılmış qruplara ayrıldığını deyib: “Anadangəlmə faktorlara genetik meyllilik, alfa1-antitripsin çatışmazlığı (hərəkətsiz kirpiciklər sindromu), bronxial ağacın qüsurları (Uilyam-Kembel sindromu), ağciyərlərin kistoz hipoplaziyası, birincili immun çatışmazlığı aiddir.

Qazanılma faktorlara isə respirator traktın xroniki infeksion xəstəlikləri, respirator traktın infeksion zədələnmələrinin qeyri-adekvat və ya natamam müalicəsi və yad cisim daxildir.

Bu xəstəlikdən əziyyət çəkənlərin əsas şikayətləri əksər hallarda produktiv öskürəkdir. Remissiya dövründə bəlğəm selikli, irinli, kəskinləşmələrdə isə irinli ifrazatla müşayiət edilir. Quru bronxoektazlar deyilən formalarda öskürək quru, az bəlğəmli olur. Səhər daha çox miqdarda bəlğəmin olması və kəskinləşmə zamanı onun miqdarının artması diaqnostik meyardır. Bəzi hallarda qanhayxırma, təngnəfəslik, ümumi intoksikasiya simptomları qeyd olunur. Belə xəstələrdə qiymətləndirmə anamnezdən, baxışdan başlamalıdır. Eyni zamanda, fiziki müayinə də çox əhəmiyyətlidir. Xəstələrin bir çoxunda əsasən orta ağır və ağır gedişli formalarda emfizematoz döş qəfəsi, çubuqvari barmaqlar və saat şüşəsinə bənzər dırnaqlar, peroral və akrosianoz qeyd olunur. Perkutor göstəricilər patoloji prosesin miqyası və mərhələsindən asılı olaraq müxtəlifdir (kütləşmə, timpanit, qutuvari səs). Ağciyərlərin auskultasiyasında zədələnmə həcmindən asılı olaraq, bronxoektazlar üzərində birtərəfli, ikitərəfli quru və yaş xırıltılar eşidilir”.

İ.Musayev qeyd edib ki, həkimlər xroniki öskürək və bəlğəm ifrazı, qanhayxırma, təkrarlanan pnevoniyalar ilə müraciət edən xəstələrdə mütləq bronxoektatik xəstəliyi nəzərlərində tutmalıdır. Obyektiv müayinədə ağciyərlərin üzərində eşidilən daimi yaş xırıltılar da bu xəstəliyə bir işarədir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024