Xəzər Xəbər

Deputat Musa Quliyev QDİƏT PM-in komissiya sədri seçilib

Cəmiyyət | 17:38 • 23 Mart 2023
Deputat Musa Quliyev QDİƏT PM-in komissiya sədri seçilib

Martın 23-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının videokonfrans formatında 60-cı iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Xezerxeber.az-a bildiriblər ki, tədbirdə quruma üzv ölkələrin nümayəndə heyətlərinin təmsilçiləri iştirak ediblər. Azərbaycan parlamentini yığıncaqda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, habelə QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının sədri Musa Quliyev və deputat Ramin Məmmədov təmsil ediblər.

Gündəlik təsdiqləndikdən sonra iclasda “QDİƏT-ə üzv dövlətlərin sosial-iqtisadi inkişafında Kütləvi İnformasiya Vasitələrinin rolu” mövzusunda hesabat layihəsi təqdim olunub.

Mövzu ətrafında müzakirələrdə iclas iştirakçıları fikirlərini açıqladıqdan sonra hesabat layihəsi qəbul edilib.

Sonra eyni mövzuda tövsiyə qərarının layihəsinə baxılıb və sənəd səsə qoyularaq qəbul olunub.

Tədbirdə, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının cari fəaliyyəti barədə məlumat dinlənilib.

İclasda bir sıra təşkilatı məsələlərə də baxılıb. Milli Məclisin komitə sədri Musa Quliyev yenidən QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının sədri seçilib. Tədbir iştirakçıları, habelə komissiyanın sədr müavinlərini də seçiblər.

Toplantıda komissiyanın növbəti iclasının yeri, tarixi və mövzusu müəyyən olunub. Komissiyanın 61-ci iclasının Rusiya Federasiyasında 2023-cü ilin oktyabr ayında keçirilməsi planlaşdırılıb. Tədbirdə “QDİƏT-ə üzv dövlətlərdə uşaqların müdafiəsi siyasətinin gücləndirilməsində parlamentlərin rolu” mövzusunun müzakirəsi nəzərdə tutulub.

Xəbər lenti

Çox oxunanlar