Xəzər Xəbər

Pensiyaların neçə faiz artırılacağı rəsmən nə vaxt açıqlanacaq?

"Pensiyaçılara bu ay yanvar üçün hesablanmış artım da ödəniləcək"
Cəmiyyət | 10:13 • 1 Fevral 2023
Pensiyaların neçə faiz artırılacağı rəsmən nə vaxt açıqlanacaq?

Pensiyaların indeksləşdirilərək artırılmasının fevralın ikinci həftəsinə təsadüf edəcəyi gözlənilir. Belə ki, pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqındakı artıma indeksasiya olunur. Bu göstərici isə fevral ayının ilk yarısında elan edilir.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, ötən ilin ilk 11 ayında Azərbaycanda orta aylıq əmək haqqı 14,6 faiz artıb. Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. Əməkhaqqıdakı artım faizi əmək pensiyalarının indeksasiyasında istifadə edilən əsas meyardır: "Gözlənilir ki, təxminən fevralın 12-dək Dövlət Statistika Komitəsi rəsmi artım rəqəmini elan edək və daha sonra indeksləşdirmə ilə bağlı sərəncam imzalanacaq. O baxımdan, indeksləşdirmənin yanvarda baş tutmaması heç də pensiyaların artırılmayacağı anlamına gəlməməlidir. 
Sərəncamın fevral ayında imzalanmasına baxmayaraq pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. 2022-ci ilin 11 aylıq yekunları təsdiq edir ki, pensiya məbləğlərində yeni artımlar 15.0 faizə yaxın olacaq. Pensiyaçılara bu ay yanvar üçün hesablanmış artım da ödəniləcək. Mart ayından etibarən isə artırılmış standart aylıq pensiya məbləğini alacaqlar".

Xəbər lenti