Xəzər Xəbər

Bir minanın zərərsizləşdirilməsinə 100 dollar lazımdır – Proses nə qədər davam edəcək?

Cəmiyyət | 12:54 • 28 Oktyabr 2021
Bir minanın zərərsizləşdirilməsinə 100 dollar lazımdır – Proses nə qədər davam edəcək?
İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə prosesinə yardımla bağlı bir sıra ölkələr təşəbbüslə çıxış edib. Son olaraq, Qarabağda minaların təmizlənməsi ilə bağlı Fransa və Misir öz xidmətlərini təklif edib.
 
Maraqlıdır, Azərbaycan minatəmizləmə prosesi üçün digər ölkələrin yardımından istifadə edə və bu prosesi sürətləndirə bilərmi?

Məsələ ilə bağlı danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov minatəmizləmə prosesinin həddən artıq vəsait tələb etdiyini bildirərək, bəzi ölkələrin bu istiqamətdə təkliflərinin nəzərə alınmasının mümkünlüyündən bəhs edib:

"Minatəmizləmə prosesinə nə qədər çox ölkə yardım etmək istəsə, bir o qədər yaxşıdır. Ona görə ki, minatəmizləmə prosesi vaxt aparan, yüksək vəsait tələb edən prosesdir. Məsələn, bir minanın yerləşdirilməsi üçün 30 dollardan 100 dollaradək vəsait ayrılırsa, ərazinin bu minadan təmizlənməsi üçün 300 dollaradək məbləğ lazımdır. Bundan başqa, əldə mina xəritələrinin olmaması və ərazinin böyüklüyü prosesi daha da çətinləşdirir. Bəzi dövlətlərin minatəmizləmə prosesində köməklik göstərmək istəyi ilə bağlı şərtlərini dinləmək lazımdır. Əgər o şərtlər Azərbaycanın maraqlarına uyğundursa, o zaman köməkdən istifadə etmək olar”.

Polkovnik Qarabağa sərmayə yatırmaq istəyən ölkələrin minatəmizləmədə iştirak edə biləcəyini qeyd edib:
 
"Qarabağ indi elə bir ərazidir ki, gələcəklə bağlı orada geniş imkanlar yaranıb. Yəni Qarabağ bölgəsi həm turizm, həm aqrar, həm də tikinti sektoru ilə bağlı böyük perspektivlər vəd edir. Odur ki, ABŞ kimi böyük dövlətlər də bu ərazilərə sərmayə yatırmaqda maraq göstərir. Belə bir variant da ola bilər ki, maraqlı ölkələr investisiya qoymaq istədikləri ərazinin minatəmizləmə prosesinə cəlb edilsin. Yəni belə bir imkanın da yaradılması da mümkündür”.
 
Ş.Ramaldanovun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə məskunlaşdırma prosesi baş tutsa da, bəzi məhdudiyyətlər olacaq:
 
"Minatəmizləmə prosesinin  nə qədər zaman aparacağını demək çətindir. Çünki nə qədər  minalanmış ərazinin olduğu bilinmir, minaların sayı bilinmir. Ortada olan bu suallar dəqiq nə isə deməyə imkan vermir. Lakin bilinən odur ki, prosesin yekunlaşması üçün illər lazım olacaq. Düşünürəm ki, uzun illər təhlükəsizlik tədbirlərinə əməl etməliyik. Çox güman ki, işğaldan azad olunmuş ərazilərdə infrastruktur bərpa olduqdan sonra da bəzi yerlərə giriş qadağan olacaq. Yəni bəzi hissələr təhlükəsizlik üçün qapalı olacaq və mərhələrlə həmin ərazilər də minalardan təmizlənəcək”./Sfera.az

Xəbər lenti